Bu arada, Avropa Birliyinin icraçı qolu Ukraynaya 11 milyard avro dəyərində maliyyə yardımı ayırmağa və yaxın bir neçə ildə qrant verməyə hazır olduğunu açıqlayıb. Bu barədə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Brüsseldə keçirdiyi mətbuat konfransında məlumat verib. Bundan əvvəl isə rəsmi Kiyev növbəti 2 il ərzində 35 milyard dollar maliyyə yardımına ehtiyacının olduğunu açıqlamışdı.
Bu arada, Ukraynanın Baş naziri Arseniy Yatsenyuk Rusiya hərbi qüvvələrinin Krımda olmasının mənasız olduğunu bildirib və Rusiya hökumətini hərbçilərini geri çağırmağa səsləyib. «Bu gün Krım muxtar respublikasında baş verənlər təkcə Ukraynanın deyil, bütün dünyanın təhlükəsizliyini risk altında qoyur. Və bunlara görə məsuliyyət yalnız Rusiyanın üzərindədir. Rusiya hökuməti Ukrayna ərazisində hərbi aqressiya üçün heç bir səbəb tapmayıb və heç vaxt da tapmayacaq. Rusiyanın Ukrayna ərazisində hərbi aqressiyasının siyasi, təhlükəsizlik və iqtisadi baxımdan nəticələri olacaq. Rusiya hərbçilərinin Ukrayna ərazisində mənasız mövcudluğunun, hər şeydən əvvəl, Ukraynanın iqtisadiyyatına çox pis təsiri var. Buna görə də biz Rusiya hökumətini dərhal öz hərbi qüvvələrini geri çağırmağa və ikitərəfli və çoxtərəfli razılaşmalara riayət etməyə çağırırıq» - Yatsenyuk belə deyib.