Əliyar həm də rüşvət bataqlığına girmədən öz adını təmiz saxlamış azsaylı hakimlərimizdəndir. Çoxları özlərini pul müqabilində klublara təklif edib onların hər cür sifarişini yerinə yetirəndə Əliyar cəmi 24 yaşında (!) FİFA hakimi adını almışdı. Və deyəsən, futbol tariximizdə bu yüksək adı alan ən gənc hakimimiz olmuşdu.
O, bu günə qədər dünya və Avropa çempionatlarının seçmə, Avropa kuboklarının təsnifat və qrup mərhələlərində üst-üstə 50-dək oyun keçirib. Beynəlxalq matçlarla yanaşı Misir kubokunun finalını idarə edib, Avropanın ən güclü çempionatlarından olan Yunanıstan superliqasının prinsipial oyunlarına isə indiyədək dəvət alır. Ən son ötən şənbə günü mərkəzi görüşlərdən olan AEK - “Olimpiakos” matçını bundan əvvəlkilər kimi qüsursuz idarə edib.
Bu, əcnəbilərin Əliyara verdiyi qiymətdir. İndi gələk özümüzünkülərə, daha dəqiqi həm bizdən olan, həm də olmayan nanəciblərə ki, hər fürsətdə Əliyara badalaq vurmağa çalışırlar. Məsələ nədir? 2018-ci ildə Frits Ştuhlik adında bir avstriyalı düdükçalan AFFA-nın Hakimlər Komitəsinin sədri təyin olunub. O vaxtdan Əliyarı mümkün olduğu qədər mərkəzi oyunlardan uzaqlaşdırır, onu ciddi əhəmiyyəti olmayan görüşlərə göndərir. Turun vacib oyunları isə Ştuhlikin gənc, belə görüşlər üçün yetərli təcrübəsi olmayan əziz kadrlarına həvalə olunur. Təbii olaraq, bu zaman da oyunlarda mübahisəli qərarlar verilir. Elə tur yoxdur ki, avrokuboklara getmək istəyən klubların baş məşqçiləri hakimlikdən narazılıq etməsin.
Əliyar Ağayev 24 yaşında öz bacarığı hesabına FİFA hakimi olub Azərbaycanı ləyaqətlə təmsil etməyə başlayanda həmin bu Ştuhlikin bəlkə də bizim ölkənin varlığından xəbəri yox idi. Elxan Məmmədovun dəvətindən sonra bura gəlib, hakimliyi inkişaf etdirmək əvəzinə, ona olmazın zərbələri vurur, ən yaxşı hakimimizə süni maneələr yaradır. Qəribədir ki, məhz Ştuklihin gəlişindən sonra Əliyara UEFA-dan gələn dəvətin sayı azalıb.
AFFA-danmı qaynaqlanır?
Bu gün Əliyar Azərbaycanda əhəmiyyətsiz oyunlara göndərilir, sabah da bütün təyinatını birinci diviziona verəcəklər. Axırda da deyəcəklər ki, sən heç FİFA referiliyinə də layiq deyilsən. Yəni öz kadrım dura-dura sən niyə beynəlxalq oyunlara gedəsən ki?.. Elə Azərbaycanda çaldığım havaya oynayanlar getsin də.
Uzun sözün qısası, vicdansızın adı üstündədir.
Vicdansız isə hər əclaflığa qadirdir, Elxan Məmmədov!
Ştuklihi dayandırın!