Vaxt.Az

Entoni Blinken İlham Əliyevə zəng edib


 

ABŞ dövlət katibi və Azərbaycan Prezidenti Brüssel görüşünü müzakirə edib

Entoni Blinken İlham Əliyevə zəng edib Aprelin 5-də Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken Azərbaycan prezident İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, telefon danışığı əsnasında Entoni Blinken aprelin 6-da Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın önəm verdiyini bildirib.

Bildirildiyinə görə, prezident İlham Əliyev Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları, kommunikasiyaların qurulması üçün ölkəsinin irəli sürdüyü təklifləri, mövqeyini qeyd edib: “Dövlətimizin başçısı humanitar məsələlərə toxunaraq, birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş hesab olunan 3890 nəfər azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsi və kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsinin vacibliyini diqqətə çatdırıb”, - məlumatda bildirilir.

Söhbət zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

***

Aprelin 6-da Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Brüsseldə üçtərəfli görüş keçiriləcək.

Bu, artıq son vaxtlarda ikinci belə görüşdür. Bundan əvvəl Aİ Şurası prezidentinin vasitəçiliyi ilə Brüsseldə Azərbaycan və Ermənistan rəhbərliyinin görüşü ötən ilin dekabrında olmuşdu.

***

Azərbaycan bir müddət öncə Ermənistanla danışıqlarla bağlı qarşı tərəfə beş baza prinsipi təqdim etdiyini açıqlayıb.

Xarici İşlər Nazirliyinin açıqlamasına görə, ora dövlətlərin bir-birlərinin suverenliyini, ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması, sərhədlərin müəyyən edilməsi, nəqliyyat və kommunikasiyaların açılışı kimi məsələlər daxildir.

 





06.04.2022    çap et  çap et