Vaxt.Az

«Burada qalsa, adı silinəcək»


 

«Atamın qəbrini Azərbaycana köçürəcəyəm»

«Burada qalsa, adı silinəcək» Ötən il iyunun 2-də Fransada 83 yaşında vəfat edən xalq rəssamı, dünya şöhrətli Toğrul Nərimanbəyovun nəşini Azərbaycana gətirilməsi yenidən gündəmdədir. Rəssamın qızı Əsmər Nərimanbəyova APA TV-yə deyib ki, Fransa qanunlarına görə, bunun üçün dəfn vaxtından dörd il keçməlidir. Ancaq o, dörd il gözləmək niyyətində olmadığını bildirib, atasının Azərbaycanda dəfn olunması üçün hökumətdən kömək istəyib: «Onun ürəyi, qanı, canı hamısı Azərbaycandandır. Niyə burada olsun. Burada qalsa, adı silinəcək».

Əsmər Nərimanbəyova deyir ki, rəssamın il dönümünə qədər onun adına fond yaratmaq niyyətindədir: «Planlaşdırıram, amma atamın ili keçsin. Fond da olacaq, sərgilər də olacaq. Burda da, Bakıda da təşkil ediləcək. Bu işlərə vaxt lazımdır. Onun işlərini bura gətirmək çətin olduğu üçün hər iki ölkədə təşkil olunacaq».

Keçmiş SSRİ-nin və Azərbaycanın xalq rəssamı, dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Toğrul Nərimanbəyovun dəfni ilə bağlı bir sıra problemlər yaranıb. Rəssamın ikinci həyat yoldaşı onun Fransada dəfn edilməsini istəyib. Lakin T.Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova buna qarşı çıxıb. O, atasının Azərbaycanda dəfn olunması tələb edib və Fransa məhkəməsində bununla bağlı iddia qaldırıb. Məhkəmə mərhumun Fransada dəfn olunması barədə qərar çıxarıb. Toğrul Nərimanbəyov ölümündən bir ay sonra Passi qəbrstanlığında dəfn olunub.

 





05.03.2014    çap et  çap et