Orban Putini Macarıstana – Ukrayna, Fransa prezidentləri və Almaniya kansleri ilə danışıqlara dəvət etdiyini deyib. Onun sözlərinə görə, Putinin reaksiyası “müsbət” olub, amma deyib ki, bunun üçün şərtləri olacaq.
“Prezident Putinə dərhal atəşkəs elan etməyi təklif etdim”, – deyən Orban Putinin ona zəng etdiyini söyləyib.
Putinlə yaxşı münasibətləri olan Orbanın sözlərinə görə, Budapeştdə keçirilməsi təklif edilən danışıqlarda dərhal atəşkəs müzakirə olunmalıdır, çünki sülh danışıqları daha uzun çəkir.
Bazar günü – aprelin 3-də dördüncü müddətə seçilmiş Orban bir daha Rusiyanın qonşu Ukraynaya hücumunu pisləyib, bunu “təcavüz” adlandırıb.
Amma Orban Aİ-nin Rusiya neft və qazına sanksiyalarına, yaxud Qərbin onun ərazisindən Ukraynaya silah göndərməsinə qarşı çıxır.
***
Ukrayna Baş nazirin müavini İrina Vereşçuk 11 humanitar dəhlizin açılacağını deyir. O, bu barədə bu gün (aprelin 6-da) “Telegram” kanalında yazıb: “Mariupoldan çıxmaq istəyənlər öz şəxsi maşınları ilə gedə bilərlər”. O, avtomobili olmayanlar şəxslər üçün avtobus karvanlarından istifadə olunacağını bildirib.
Beynəlxalq müşahidəçilər Mariupoldakı vəziyyəti “apokaliptik” adlandırır. İndiyədək Mariupoldan evakuasiya cəhdləri əsasən alınmayıb və buna görə tərəflər bir-birini ittiham edib.