Vaxt.Az

Körfəz ölkələrində siyasi böhran


 

Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklər Qətərdən səfirliklərini geri çağırdı

Körfəz ölkələrində siyasi böhran Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərdəki səfirliklərini geri çağırıb. «Əl-Cəzirə» telekanalının məlumatına görə, bu barədə hər 3 ölkənin ortaq bəyanatında məlumat verilir. Körfəz ölkələri bu qərara səbəb kimi, Qətərin Körfəz Ölkələri Əməkdaşlıq Şurasının (KƏŞ) prinsiplərinə zidd fəaliyyət göstərdiyini qeyd ediblər. (musavat.com)

Birgə bəyanatda KƏŞ üzvlərini bir-birinə bağlayan prinsiplərin olduğu və əməkdaşlığı inkişaf etdirmək üçün səy göstərildiyi, ancaq Qətərin həmin prinsiplərə imza atmasına baxmayaraq, bu öhdəliklərə reallıqda riayət etmədiyi vurğulanır. Eyni zamanda 2013-cü il noyabrın 23-də qurumun ər-Riyadda qəbul etdiyi qərarların üzərindən 3 aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də icra olunmadığı bəyan edilib. Hər üç ölkə Qətərə siyasətini tez bir zamanda yenidən gözdən keçirmək barədə çağırış edib.

Qeyd edək ki, Qətər və Səudiyyə Ərəbistanı bir sıra məsələlərdə bir-birinə zidd siyasi xətt yürüdür. Xüsusən də ötən il Misirdə baş verən hərbi çevrilişi Səudiyyə Ərəbistanı və BƏƏ dəstəkləsə də, Qətər bunun əksinə olaraq, axıra qədər «Müsəlman Qardaşları» hökumətini dəstəkləyib, Mursinin devrilməsini hərbi çevriliş adlandırıb. Qətər hakimiyyətinin «Müsəlman Qardaşları» hərəkatına xüsusi bağlılığının olduğu sirr deyil. Bundan başqa, ötən ilin yayında Qətərdə baş verən hakimiyyət dəyişikliyindən sonra bu kiçik Körfəz ölkəsinin xarici siyasətində ciddi dəyişiklik qeydə alınmağa başlayıb. Qeyd edək ki, 1995-ci ildə atasını devirərək, hakimiyyətə gələn Şeyx Hamid bin Xəlifə əs-Saninin hakimiyyəti dövründə Qətər xeyli dərəcədə fəal xarici siyasət yürüdüb. Regional problemlərin, münaqişələrin həllində vasitəçi kimi çıxış edib. Eyni zamanda «əl-Cəzirə» telekanalı vasitəsilə dünyada ərəb dilində nəhəng informasiya şəbəkəsi yaradıb. Ancaq ötən il qəflətən Xəlifə Sani postunu 33 yaşlı oğlu Təmim bin Hamid əs-Saniyə təhvil verdi.

BDU-nun dosenti, tarixçi-alim Aida Bağırovanın fikrincə, bu vəziyyətin yaranması ərəblər arasındakı ziddiyyətlərin bir xəttidir. Ekspertin qənaətinə görə, Qətər və Səudiyyə Ərəbsitanı arasında bölgədəki problemlərə yanaşmada fərqlər özünü göstərir: «Ərəblərin, Körfəz dövlətlərinin region ölkələrindəki problemlərin çözülməsində müxtəlif yanaşmaları var. Körfəz Ərəb Ölkələri Əməkdaşlıq Təşkilatı 1981-ci ildə yaradılıb. Burada Səudiyyə Ərəbistanı hegemonluq edib. Son illərdə bir sıra ölkələr onun hegemonluğunu qəbul etmirdi. Küveyt, Oman hakimiyyətlərinin Səudiyyənin ifrat hegemonluğuna qarşı çıxışları olub. İndi isə Qətər və Səudiyyə Ərəbistanı arasında ziddiyyətlər meydana çıxıb. Misirdə hakimiyyət dəyişib, «ixvan» hakimiyyətə gələndə Qətər onlara yardım edirdi. Amma düşünürəm ki, Qətər öz gücünü və imkanlarını nümayiş etdirməyə çalışır». 

A.Bağırova deyir ki, bu ziddiyyətlər bu günün məhsulu deyil. Onun fikrincə, xüsusən də son illərdə Qətərin nəzərəçarpacaq aktiv diplomatiya aparması Səudiyyə Ərəbistanı hakimiyyətini narahat edir: «Bir neçə il əvvəl Qətər kiçik ölkə olmasına baxmayaraq, regionda aparıcı vasitəçi dövlət kimi ad çıxarmışdı. Hətta Afrika qitəsində müəyyən ziddiyyətli məsələlərdə Qətər vasitəçilik edirdi. Bu məsələdə ölkənin özünün sabit olması mühüm faktordur. Qətər son dövrlərdə ərəb ölkələri arasında ən stabil ölkə idi. Son illərdə bu ölkədə stabil hakimiyyət və iqtisadi inkişaf qeydə alındı. Bu isə Qətərə irəli çıxmaq imkanı yaratdı. Səudiyyə Ərəbistanının problemləri Qətərdən çox idi. Həm daxili, həm də xarici və regional müstəvidə... Qətər ilk region dövlətlərindəndir ki, İsraillə münasibətləri mövcuddur. İsraillə iqtisadi və enerji, siyasi əlaqələri vardı. Amma Qətər hakimiyyəti siyasi əlaqələri qabartmasa da, ərəb-İsrail müzakirələrində Qətər vasitəçi kimi iştirak edirdi».

A.Bağırova deyir ki, bu gün Qətər öz strukturuna, daxili və xarici siyasətinə görə Səudiyyə Ərəbistanından daha müasir ölkə kimi görünür. «Ərəb baharı» hadisələri baş verəndə hər iki ölkənin bu proseslə bağlı fərqli mövqedən çıxış etdiyini xatırladan ekspert Qətərin özünün müstəqil siyasi xətt yürütdüyünü qeyd etdi. Onun fikrincə, bu vəziyyətə Səudiyyə Ərəbistanı qısqanclıqla yanaşır, eyni zamanda Qətərin nüfuzunun artmasından narahatdır. Bu isə Körfəz Ölkələri Əməkdaşlıq Şurası daxilində belə fərqlər kimi özünü büruzə verir.

A.Bağıova münasibətlərin pisləşməsinə İrana faktorunun təsirini də istisna etmir: «Qərbin İranla yumşalma siyasəti bu və ya digər formada müttəfiqlərinə də təsir edəcək. Bir yerdə hərəkət edəcək və ya ən azından fəaliyyətlərini uzlaşdıracaqlar. Qərbin münasibəti mülayimləşdikdən sonra Səudiyyə Ərəbistanı İrana qarşı sərt çıxmayacaq. Amma bu yumşalma Səudiyyə Ərəbistanındakı rejimi daxildən zəiflədə bilər».

 





05.03.2014    çap et  çap et