Vaxt.Az

Putinin qızları ABŞ-ın da hədəfində


 

Vaşinqton sanksiyaların rəsmi bəyan edilməsini niyə ləngidir?

Putinin qızları ABŞ-ın da hədəfində Amerika Birləşmiş Ştatları Moskvanın Ukraynaya təcavüzü ilə bağlı Rusiyanın “Sberbank” və “Alfa-bank” banklarına tam bloklayıcı sanksiyalar qoyacaq. Məhdudlaşdırıcı tədbirlərin yeni paketinə Sberbank və Alfabankın bütün tranş və aktivlərinin bloklanması daxildir.

Xəbər verilir ki, bura enerji ilə bağlı tranşlar daxil deyil.

Ağ Evin rəsmi saytında dərc olunmuş məlumatda deyilir ki, Rusiya prezidenti Vladimir Putinin qızlarına, xarici işlər naziri Sergey Lavrovun arvadı və qızına, habelə Rusiya hökumətinin başçısı Mixail Mişustinə və Putinin Təhlükəslzik Şurası üzrə müavini, keçmiş prezident Dmitri Medvedevə sanksiyalar qoyulacaq.

ABŞ habelə Rusiya iqtisadiyyatına hər hansı investisiyaların qoyulmasını qadağan edəcək.

Sanksiya siyahısının dünən (apreln 6-da) rəsmən elan edilməsi gözlənilirdi.

***

Rusiyanın dövlət mediası bildirir ki, sanksiyalar Sberbankın işinə və onun rusiyalılara xidmət göstərməsinə əsaslı təsir etməyəcək, çünki sistem bundan əvvəlki sanksiyalarla bağlı yenidən qurulub.

“Alfabank” da buna bənzər bəyanatla çıxış edib.

ABŞ bildirir ki, sanksiyaların gücləndirilməsi qərarı Rusiya ordusunun Kiyev yaxınlığındakı Buçada törətdiyi qırğından sonra verilib və Vaşinqton sözü gedən sanksiyaları G7 və Avropa İttifaqı ilə birlikdə tətbiq edir.

Rusiyaya qarşı yeni sanksiyalarını Britaniya da elan edib.

London bəyan edib ki, “Sberbank” və “Moskva Kredit Bankı”nın aktivləri dərhal dondurulur.

Bu da xəbər verilir ki, sanksiyalar siyahısına daha 9 fiziki şəxs əlavə edilib. Onların arasında Novateksin rəhbəri Leonid Mixelson da var.

***

Avropa İttifaqı üzvlərinin aprelin 6-da Rusiyaya qarşı sanksiyalar məsələsində tam razılığa gələ bilmədikləri xəbər verilir.

Bu da qeyd olunur ki, başlıca fikir ixtilafı Rusiya kömürünə tam qadağan qoyulmasına görə baş verib.

Bir sıra ölkələr Rusiya kömürü ilə bağlı sanksiyaların mövcud kontraktları istisna etməsində israr edirlər.

Müzakirələrin bu gün (aprelin 7-də) davam etdiriləcəyi gözlənilir. ABŞ sanksiyalarının rəsmi bəyan edilməsinin ləngiməsi də bununla bağlı ola bilər.

Avropa İttifaqı (Aİ) “Sberbank” rəhbəri German Qref, Kremlə yaxın biznesmenlər Oleq Deripaska, Boris Rotenberq, həmçinin Prezident Vladimir Putinin qızları Katerina Tixonova və Mariya Vorontsovanı Rusiyaya qarşı sanksiya siyahısına sala bilər. Bu haqda “Financial Times” qəzeti sənəd layihəsinə istinadla xəbər verir.

Rusiya prezidentinin qızları kimi tanınan Katerina Tixonovaya və Mariya Vorontsovaya da sanksiyaların qoyulacağı gözlənilir. Qeyd edək ki, Putin Tixonova və Vorontsovanın onun qızları olduğunu birbaşa təsdiqləməyib, daha dəqiq rəsmən etiraf etməyib.

Yeri gəlmişkən, ABŞ-ın da Putinin qızlarına sanksiyaları nəzərdən keçirdiyi bildirilir. Dörd Avropa və ABŞ rəsmilərinin sözlərinə görə, qərar hələ yekunlaşdırılmayıb, yəni, Putinin qızları yeni siyahıya salınmaya da bilər. Qərarın bu gün elan olunacağı gözlənir.

“Tixonova və Vorontsovanın Rusiyadan kənarda hansısa aktivləri barədə məlumat yoxdur”, Putinin gözlənilən sanksiyalara reaksiyası belə olub. Rusiya prezidenti bu açıqlama ilə adıçəkilən qadınların onun qızları olmasını təsdiqləmiş olur.

Qızlardan yaşca kiçiyi Tixonova “İnnopraktika” fondunun rəhbəridir. O, ötən ilin noyabrında “Texnoloji investisiyalar fondu”nun qeydiyyatı üçün ərizə verib. Fond startaplara sərmayələr üzrə ixtisaslaşacaq.

Tibb elmləri namizədi Vorontsova isə 2011-ci ildə Moskva Dövlət Universitetinin fundamental tibb fakültəsini “müalicə işi” ixtisası üzrə bitirib. 2021-ci ilin aprelində yayılmış məlumata görə, hakimiyyət onun rəhbərliyi altında genetik tədqiqatlara 200 milyard rubldan artıq vəsait ayırır.

İndiyədək Qərb Putinin özünə, digər əsas rəsmilərə sanksiya tətbiq edib. Rusiya iqtisadiyyatına ziyan vuran sanksiyalar Ukraynaya qarşı müharibəyə böyük təsir göstərməyib.

***

Avropa İttifaqı (Aİ) Şurasının başçısı Şarl Mişel deyir ki, blok “gec-tez” Rusiya neft və qazına sanksiya tətbiq etməli olacaq. Rusiya əsgərlərinin Ukraynada hərbi cinayətlər törətməsinə dair xəbərlər fonunda Aİ Moskvaya təzyiqi artırmağa çalışır. Ş.Mişel avropalı deputatları bu addımları nəzərdən keçirməyə çağırıb.

***

Bu arada Rusiyanın xəbər agentlikləri “Gazrpom” dövlət şirkətinin aprelin 6-da Ukrayna vasitəsilə Avropaya təbii qaz nəqlini kontraktlara uyğun davam etdirdiyi xəbər verir. Bu günün tələbatı 108.4 milyon kubmetrdir, yəni bir gün öncəki həcmlərə uyğundur. “İnterfax” bunu Ukraynanın qaz kəmərləri əməliyyatçısına istinadla bildirir.

Bu gün ABŞ və Avropa müttəfiqlərinin Rusiyaya yeni sərt sanksiyaları açıqlayacağı gözlənir. Məqsəd Rusiyanın Ukraynada dinc sakinlərə hücumlarına görə iqtisadi və texnoloji təcridini gücləndirməkdir.

Maliyyə institutlarına yeni sanksiyalar, Rusiyada yeni investisiyaya qadağa, hökumət müəssisələrinə daha sərt sanksiyalar, Rusiyanın hökumət rəsmiləri və ailə üzvlərinə əlavə qadağalar gözlənir.

“Əsas məqsədimiz Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı müharibədə resurslarını tükəndirməkdir”, – Ağ Evin sözçüsü Jen Psaki aprelin 5-də deyib.

***

ABŞ Xəzinədarlığı isə aprelin 5-də Rusiyanın ABŞ maliyyə institutlarındakı hesablardan hökumət borclarını ödəməsini bloklayıb.

Britaniya Putinin “müharibə sandığı”ndan 350 milyard dollarlıq aktivi dondurduğunu elan edib. Xarici işlər naziri Liz Trass bunun Rusiyanın 604 milyard dollarlıq valyuta ehtiyatının 60 faizindən çoxu demək olduğunu söyləyib.

Avropa İttifaqı isə sanksiyaların beşinci paketinin neft və kömür ixracını hədəflədiyini, Rusiya gəmilərinin Avropa limanlarına buraxılmayacağını açıqlayıb.

Rusiya fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı müharibəyə başlayıb.

 





07.04.2022    çap et  çap et