Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı Milli Məclisə təqdim etdiyi hesabatda qeyd olunub ki, 2013-cü ildə həyata keçirilmiş məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Azərbaycandakı ictimai-siyasi vəziyyət, neft strategiyası, regionda cərəyan edən proseslər, ölkə rəhbərliyi və dövlət məmurları barədə məlumatlar toplayaraq xarici dövlətə ötürən 1 nəfər, eləcə də, Rusiyada yaşayan erməni milliyyətli şəxslərlə cinayətkar işbirliyi qurmuş və onların sifarişi ilə saxta sənədlər hazırlayaraq satan daha 1 nəfər Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb olunub.
Bundan başqa Azərbaycanda yaşayan İsrail
vətəndaşlarının müəyyənləşdirilməsi, həmin dövlətin respublikamızdakı
diplomatik nümayəndəliyinin əməkdaşları barədə məlumatların toplanılması,
Azərbaycanın mobil telefon operatorlarının, həmçinin Dövlət Yol Polisinin
məlumat bazalarının əldə edilməsi, eləcə də, maraq dairəsinə düşmüş şəxslərin
izlənilməsi, onların video və fotoçəkilişlərin aparılması üzrə İran xüsusi
xidmət orqanlarının tapşırığını yerinə yetirən daha 2 Azərbaycan vətəndaşı ifşa
olunaraq yaxalanıb.
Həmçinin 2 vətəndaşın İran ərazisinə
çıxarılaraq, həmin ölkənin xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa
cəlb olunmalarına şərait yaratmaqla yanaşı, qeyri-qanuni yollarla Azərbaycan
ərazisinə silah-sursat keçirmiş 1 İran vətəndaşı da cinayət məsuliyyətinə cəlb
edilib.
Törədilmiş hərbi cinayətlərə görə 1 hərbi qulluqçu məhkum olunub.