Finlandiyanın Rusiya ilə 1300 km-ə yaxın quru sərhədi var. İsveç də Baltik dənizi regionunda Rusiyanın qonşusudur. Bu ölkələr NATO üzvlüyü üçün rəsmi müraciət etməyi düşünürlər və belə bir müraciətdən çox qısa müddət sonra ittifaqa qəbul olunacaqlar, çünki təşkilatın siyasi və hərbi kriteriyalarına uyğundurlar.
İndi siz Rusiyanın ötən ilin dekabrında ABŞ ilə NATO qarşısında qoyduğu tələbləri və bu məsələ ətrafında qopardığı fırtınanı xatırlayın. Eləcə də Ukraynaya qarşı iddialarını əsaslandırmaq üçün bu ölkənin NATO-ya yaxın gələcəkdə ehtimal edilməyən və gözlənilməyən üzvlüyü məsələsini necə önə sürdüyünü xatırlayın. Və indi Peskovun timsalında Moskvanın dəyişən ritorikasına fikir verin. Bu dəyişiklik qısa müddətdə Rusiya əleyhinə dəyişən beynəlxalq konyukturdan qaynaqlanır. Şübhəsiz ki, bunda Ukrayna xalqının tarixi əhəmiyyətli müqavimətinin böyük rolu var.
Ukrayna savaşından əvvəl də, sonra da dəfələrlə qeyd etmişdik ki, NATO məsələsi bəhanədir, Rusiya sadəcə olaraq, müstəqil, suveren, demokratik, milli Ukrayna dövlətinin mövcud olmasında maraqlı deyil və onu belaruslaşdıraraq tam şəkildə öz nüfuz dairəsinə qaytarmaq istəyir. Putin məhz bu məqsədi həyata keçirmək üçün müharibə əmrini verib.
Amma cəbhədə bundan sonra baş verəcək hadisələrdən asılı olmayaraq, Putin bu məqsədinə çatmayacaq. Ukrayna ən pis halda Finlandiya kimi “bir-iki barmağını” (bir qisim ərazi) itirməklə gövdəsini ayının pəncələrindən xilas edib, yoluna davam edəcək.