Rusiya qlobal dünyanın total sanksiyaları ilə üz-üzə qalıb. Bütün texnoloji şirkətlər Ukraynaya təcavüzlə bağlı Rusiyanı tərk edib. Rusiya vəziyyətdən çıxış yolları axtarır.
Əvvəllər qeyd etmişdik ki, Rusiya bu ölkədə dövlət və özəl sektorda proqram təminatı sahəsində “oğurluğa” icazə verib.
Yəni, bu ölkədə xarici proqram təminatlarından lisenziyasız istifadə artıq hər hansı cinayət və inzibati məsuliyyət yaratmır.
İndi də Rusiya hökuməti avadanlıq “oğurluğuna” icazə verir.
Artıq Rusiya hökuməti təkcə istehsalçılardan ya da onların razılığı olan şirkətlərdən deyil, istənilən yerdən və istənilən formada texnologiya idxalına icazə verib.
Yəni, hansısa Rusiya şirkəti xarici istehsalçının məhsulunu, telefon, kompüter, “notebook” və ya TV-ləri paralel olaraq istənilən şirkətdən, istehsalçının razılığı olmadan da əldə edə biləcək.
Bu da oğurluğun yeni, daha müasir növüdür.
Əvvəllər Rusiyada mövcud olan qaydalara görə, istehsalçı şirkət bu ölkə üçün texnoloji məhsullarına mütləq qabaqcadan siyahısı təsdiqlənərkən yerli proqram təminatlarını da yükləməliydi.
Xarici avadanlığa (telefon, kompüter, “notebook” və ya TV və s.) yerli proqramlar yükləmədən ölkəyə daxil etmək cinayət məsuliyyəti yaradırdı, böyük cərimələr tətbiq edilirdi.
Artıq bu Qaydalar da Rusiyada ləğv edildi. Yeni qaydalara görə hər hansı avadanlığı, paralel olaraq istənilən yerdən alıb Rusiyaya gətirmək olar.
P.S. Güman etmək olar ki, Rusiyadakı bu qərarlarla bağlı regionda nəhəng “İT qara bazarı” formalaşacaq. Amma əslində qonşu ölkələr böyük pullar qarşılığında Rusiyaya bu texnoloji məhsulların, avadanlıqların sanksiyadan kənar ötürülməsi üçün platformaya çevrilə bilər.