Hətta dinc dövlətlərlə əhatə olunmuş klassik neytral dövlətlər İsveçrə və İsveç çox militaristdir. Çünki ümidləri yalnız və yalnız özlərinədir. Amma Vətənin qonşuları sifarişlə seçilmir. Dövlətin yerləşdiyi geopolitik məkan elə ola bilər ki, heç bir blok və balans siyasəti səni məntiqli motivi olmayan ultimatumdan və heyvani aqressiyadan qoruya bilməz. Bu halda elə bir zərbə silahın olmalıdır ki, düşmənin sənin sərhədlərində soxulmaq üçün cəmləşdirdiyi operativ qruplaşmanın idarəetmə-komanda məntəqələrini, arxa cəbhə logistikasını, sursat daşımaq üçün strateji infrastrukturunu (dəmir yol qovşaq stansiyalarını, limanlarını, dairə silah anbarlarını və arsenallarını), qruplaşmanın yanacaqla təmin edən bazaları, bombardmançı və qırıcı aviasiyasının qalxdığı nəinki sıçrayış aerodromlarını, həm də dinc dövr dislokasiya aerodromlarını preventiv zərbə ilə məhv etmək imkanı olsun. O halda, soxulmaq üçün hazırlanmış operativ birləşmə maksimum döyüş komplektini özü ilə götürərsə belə, 10-15 günlük döyüşlərdən sonra öz döyüş qabiliyyətini heç böyük insan itkiləri vermədən də itirəcək.
Əgər hər hansısa bir dövlət bu qüdrətə malikdirsə, hətta özündən bir neçə qat böyük olan qonşuları da ona qarşı aqressiv planın ən azı 60-70 min hərbi qulluqçusunun itirilməsinə səbəb olması ehtimalının böyük olduğundan, bu fikrindən vaz keçər. Çünki bu preventiv tədbir onun müharibədə məğlubiyyətinə səbəb olacaq. Hətta dünyanın hansısa nüvə silahı olan fövqəldövlətin də sənə qarşı aqressiv planı olarsa, nüvə silahını tətbiq etməsə, sənə qalib gəlməsinə ümidi olmayacaq. Bu çox böyük cəkindirici bir faktordur.
Əlbəttə, yüksək təlim görmüş ordu olmasa, bu silahın tədarük olunmasının çox az bir çəkindirici effekti olacaq. Yüksək təlimli ordun varsa, bu silahın yoxdursa, aqressiv siyasət yürüdən böyük dövlətlər özlərinin məsafədən güclü zərbə imkanlarına malik silahlarına arxayın olaraq, yenə də sənə hücum etməyə çəkinməz. Bizim ölkəmizin intellektual səviyyəsi çətin də olsa, imkan verir ki, bu sahədə işlərə başlayıb, bir neçə ildən sonra kafi keyfiyyəti olan nümunələri istehsal edə bilsin. Qiymətlər dünya bazarındakı analoji məhsuldan 10-30 dəfə ucuz ola biləcəyindən, kütləvi istehsal edərək ölkə qarnizonlarına paylanıla bilər. Burada heç seçim də yoxdur. Çünki, analoji məhsul satılmır. Çünki Raket texnikasının yayılmasına qarşı imzalanmış paktla onun hansısa başqa ölkəyə satışı qadağandır.
SSRİ-nin hərbi arsenalına daxil olan hava-yer tipli “X-25” (maksimal uçuş məsafəsi 7 km. olan, 86-136 kq.-lıq qəlpəli-füqas mərmisi zirehli texnikalar, radiolokasiya stansiyalar, gəmilər və başqa hədəflər üçün nəzərdə tutulub) Azərbaycanın istehsal təcrübəsi olan raket növü olub. Bütün istehsal zənciri olmasa da, müəyyən bünövrə var.