Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində baqajına məsuliyyət yükləməsi Türkiyənin strateji maraqlarına uyğundur.
Türkiyənin ABŞ və Avropa İttifaqı ilə münasibətlərində hərdənbir kəskin yoxuşlar yaransa da, ümumilikdə Ankara Qərblə əlaqələri inkişaf etdirməyə sadiqdir.
Bu, Türkiyənin xarici siyasətinin təməlindəki davamlılıqdan irəli gəlir. Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra isə Türkiyə Cənubi Qafqazda yeni münasibətlər sisteminin formalaşmasında əhəmiyyətli rol oynamağa başlayır.
Türkiyənin Avropa İttifaqından qopan və üzünü başqa coğrafiyalara tutan Britaniya ilə münasibətləri güclənir, bu, isə Ankaranın baqajına Qərbdən növbəti divident gətirir və Ankaranın Cənubi Qafqazdakı postmünaqişə periodunda həlledici iştirakını stimullaşdırır.
Düzdür, Türkiyə Rusiya ilə Qərb arasında tarazlığı saxlamaq aktı ilə Cənubi Qafqazda addımlar atır və özü üçün yeni oriyentasiyalara yaradır.
Azərbaycan və Türkiyə liderlərinin sonuncu telefon danışığı, İlham Əliyevin Brüsseldə Nikol Paşinyanla görüşündən sonrakı gedişatları Bakı-Ankara ikilisinin müştərək strateji maraqlarına uyğunlaşdırmaq məqsədi daşıyır.
Ümumiyyətlə, son zamanlar regionun tərəzisindəki əqrəbin Türkiyənin ağırlığı ilə əyildiyi müşahidə edilir, Ankaranın bununla Rusiyanın təsir dairəsini azaltmağa çıxış imkanları əldə etmək istəyir.
Bu, ondan irəli gəlir ki, Ankaranın Kremllə isti münasibətləri olsa da, onun Cənubi Qafqaza dair xarici siyasətinin istiqamətləri sırasında region dövlətlərinin Avroatlantik məkana inteqrasiya səylərini dəstəkləmək dayanır.
Bu isə Qərb ilə Türkiyə arasında ortaq maraq yaradan nöqtədir, hərçənd ki, ABŞ, Fransa, Almaniya Ankaranı Qafqazda güc mərkəzi yaratmasına qarşıdır.
Bakı-Ankara strateji müttəfiqliyinin xarakterindən irəli gələrək, Azərbaycan dövləti Türkiyəyə qarşı qısqanclıqların önünə keçir, görünür ki, Brüssel danışıqlarında Əliyev Türkiyə amilinə də xeyli vurğu edib.
Buna görədir ki, Əliyev Ərdoğanla telefon müzakirələrində Paşinyanla sonuncu görüşünü müsbət qiymətləndirib, Ərdoğan isə nəticələrdən məmnunluğunu ifadə edib.
Azərbaycan Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasında qarşıda duran çağırışları Türkiyənin maraqları ilə uyğunlaşdıracaq.
Bakının bu hədəfi Türkiyənin sülhyaratma işindəki təşəbbüslərini artıracaq.
Yazıya bir neçə bəndlə belə yekun vura bilərik:
1. Azərbaycan postmünaqişə dövründəki güclərin rəqabətinin Türkiyəyə qarşı ox yaratmasına qarşıdır,
2. Türkiyənin regionda aktivliyini artırması digər oyunçuların onunla hesablaşmasına gətirib çıxarır,
3. Brüssel danışıqlarındakı razılaşmalar regionda iqtisadi-siyasi və təhlükəsizlik məsələlərindəki əməkdaşlıqda yeni istiqamət açılır.
Telefon zamanı Əliyevlə Ərdoğanın ikitərəfli müttəfiqlik əlaqələrinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi aparmaları bunun sübutudur.