Vaxt.Az

Qərb Ukraynaya 11 milyard avro ayırdı


 

Ərdoğan Putinlə Krım məsələsini müzakirə edəcək

Qərb Ukraynaya 11 milyard avro ayırdı Rusiya Qərbin basqıları ilə Krım siyasətini nisbətən yumşaltsa da, hələlik bölgədə gərginlik qalmaqdadır. Martın 5-də Rusiya hərbçiləri ATƏT-in hərbi müşahidəçilərinin yarımadaya gəlməsinə imkan verməyib.

Bu haqda mediaya Litvanın xarici işlər naziri Linas Linkyaviçus məlumat verib. Xarici işlər naziri onu da deyib ki. ATƏT Krıma yerləşdirilmək üçün mülki müşahidəçilər də hazırlayır: «Litva hər iki missiyada iştiraka hazırdır. Hərbi missiyada iştirak üçün Litva artıq iki zabit göndərib. Mülki missiyada isə Litvanı diplomatlarımızdan biri təmsil edəcək. Biz çox istərdik ki, ATƏT müşahidəçiləri Krıma buraxılsın. Biz bilirik ki, Krımın faktiki rəhbərliyi beynəlxalq missiyalarla əməkdaşlıqdan mümkün qədər uzaq durur. Ancaq biz onları sülhün təminatı üçün müşahidə missiyasının vacibliyinə əmin edəcəyimizi düşünürük».

Yada salaq ki, ATƏT-ə üzv olan 15 ölkə müşahidə missiyasında iştiraka razılıq verib. Əsas məqsəd yarımadada hər hansı qarşıdurmaya yol verilməməsi və Rusiyanın Ukrayna ilə danışıqlar masasına əyləşməsinə nail olmaqdır.

ABŞ-ın ATƏT-dəki təmsilçisi Daniel Baer də müşahidə missiyalarının vacibliyini vurğulayıb və Ukraynanın öz haqlarını sivil müstəvidə qoruma təşəbbüslərini alqışladığını bildirib.

BMT-nin də Krıma sülhməramlı qüvvələrini yerləşdirmək fikrindədir. Ancaq indiki məqamda bu, o qədər də sadə məsələ deyil. Çünki BMT Təhlükəsizlik Şurasının bu qərarı Rusiyanı öz veto hüququndan istifadə etməsi ilə bəlli olmayan zamana qədər ertələyə bilər.

Kiyevdə yerli mediaya bu haqda danışan BMT baş katibinin müavini Yan Eliasson deyib ki, BMT bütün çətinliklərə baxmayaraq Ukraynada sabitliyin əldə edilməsi üçün səylərini əsirgəməyəcək : «Ukraynada unikal situasiya yaranıb. Biz soyuq savaşın sonuna gəlmişik və bu savaşı yenidən qızışdırmaq heç bir ölkənin maraqlarında deyil. İndiki dünya konfliktlərində heç kim qalib deyil, heç kimin hərbi qələbəsindən söhbət gedə bilməz. Qələbə yalnız millətlərin və xalqların ola bilər».

BMT təmsilçisi onu da vurğulayıb ki, qarşıdurmanın aradan qaldırılması üçün yalnız və yalnız diplomatik səylərdən istifadəni mümkün sayılar. BMT baş katibinin daha bir müavini İvan Simonoviç isə martın 6-dan Kiyevin qərb vilayətlərinə, Kiyevə və Krıma səfər edəcək: «Biz azlıqların və insan haqlarının durumu ilə bağlı durumu şəxsən müşahidə etməyi düşünürük. Ukraynadakı müşahidələr başa çatdıqdan sonra mart ayının ikinci ongünlüyündə Vyanada keçirilən yığıncaqda bi Ukrayna ilə bağlı müzakirələr keçirəcəyik».

Unian. net xəbər verir ki, martın 6-da Ukraynanın baş naziri Arseniy Yatsenyuk NATO-nun baş katibi Anders for Rasmussenlə ölkəsindəki durumu müzakirə edəcək.

Avropa isə Ukraynaya real dəstək prosesinə başlayır.  Avropa Birliyi Ukraynaya ən azı 11 milyard avro ayrılması ilə bağlı qərar imzalayıb. Brüsseldəki qaynaqların yaydığı xəbərə görə, Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo Ukrayna ilə bağlı xüsusi yığıncaqda belə bir qərar əldə edildiyini açıqlayıb: «Avropa Birliyinin hesab edir ki, ən təxirəsalınmaz tədbir münaqişələrin çözülməsində beynəlxalq normalara əməl edilməsidir. Öz növbəsində beynəlxalq aləm Ukraynanı böhrandan çıxarmaq üçün qüvvələrini səfərbər etməlidir. İndi Ukraynanın iqtisadiyyatı sabitləşdirmək üçün maddi dəstəyə böyük ehtiyacı var. Biz Ukraynanın demokratik inkişafı, yeni hökumətin islahatlara aparması və iqtisadi durumun stabilləşməsi üçün belə bir qərar verdik. Nəzərdə tutulan ən azı 11 milyard avronu Ukrayna beynəlxalq maliyyə fondlarının vasitəsilə yaxın bir neçə il müddətində alacaq. Prosesə ən qısa zamanda başlamağı düşünürük».

Krım məsələsi ilə bağlı jurnalistlərin suallarını cavablandıran Barrozo bildirib ki, Krım probleminin hərbi yolla çözümü mümkün deyil: «Beynəlxalq birlik bütün səylərini səfərbər edərək Rusiyanı beynəlxalq hüquq normalarına əməl etməyə dəvət etməlidir. Biz Rusiya ilə Ukrayna arasında danışıqların tərəfdarıyıq. Rusiya yaranan gərginliyi aradan qaldırmaq niyyətindədirsə, ilk sırada beynəlxalq müşahidəçilərin Krıma daxil olmasın imkan verməlidir. İndiki böhranın davam etməsi uzun illər həm bölgə, həm də qitə üçün qeyri sabitlik vəd edir. Ukraynada barış və sabitlik həm regional, həm də qlobal sabitlik üçün son dərəcədə vacibdir».

 

«Krım tatarları gözləmə mövqeyi tutur, ancaq bununla belə yarımadada sabitlik çox kövrəkdir». Bu sözləri Krım tatarlarının lideri Mustafa Cəmiloğlu Kiyevdə keçirdiyi brifinqdə deyib. «Yeni Müsavat» xəbəri Krım Tatar Məclisini mətbuat xidmətindən əldə edib. Mustafa Cəmiloğlu deyib ki, Krım tatarları Ukraynanın müstəqilliyini dəstəkləyir: «Çoxları düşünürdü ki, Krım tatarları yarımadada yeni hökumətini dəstəkləyən yeganə qüvvə olaraq Rusiya qoşunlarının müdaxiləsindən dərhal sonra etirazlara başlayacaq və qan töküləcək. Ancaq biz çox gözəl anlayırıq ki, bu durum yalnız Rusiyanın maraqlarına xidmət edə bilərdi. Bu səbəbdən xalqımızı ilk gündən sabitliyə dəvət etdik. Bununla da Rusiyanı bütün gözləntiləri və olanları puç oldu».

Mustafa Cəmiloğlu deyib ki, Krım tatarları öz azadlıqları və torpaqlarında sabitlik olması üçün bütün addımları atmağa hazırdır: «Bu gün Krımda gərginlik çox yüksəkdir. Provokasiyalar hər an baş verə bilər. Ümid edirik ki, Krımda həyatın normala dönməsi üçün beynəlxalq səylər yaxında gözlənilən sonuca varacaq».

Mustafa Cəmioğlu onu da bildirib ki, əgər krım tatar xalqı üçün təhlükə yaranarsa Türkiyə hökuməti duruma müdaxilə edə bilər: «Krım tatarları həyati təhlükə yaşasa yardımı ilk gələn ölkə Türkiyə olacaq. Bu sözləri mənə bir neçə gün öncə Kiyevdə görüşdüyümüz Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib. Türkiyə Ukraynanı yeni rəhbərliyi ilə görüşərək durumu dəyərləndirib.  Davudoğlunun səfəri Türkiyənin hər zaman demokratiyanın və türk xalqlarının yanında olmasının təzahürüdür. Türkiyə hər zamankı kimi Ukraynaya özünün əsas müttəfiqi kimi baxır və bu ölkənin suverenliyinin və ərazi bütövlüyünün qorunması üçün beynəlxalq müstəvidə hər cür dəstəyə hazırdır».

Krım tatarlarının lideri onu da deyib ki, yaxın günlərdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə danışıqları gözlənilir: «Türkiyədə yaşayan tatarlar paytaxt Ankara və digər iri şəhərlərdə dəstək aksiyaları keçirib. Onların tələbi odur ki, Türkiyə dövləti Krım tatarlarının mövqeyini müdafiə etsin. Biz bu dəstəyə çox ümid edirik».

 





05.03.2014    çap et  çap et