Vaxt.Az

Minsk Qrupu tarix oldu


 

Dünənə qədər eyni havanı çalan üçlü indi ayrı ayrılıqda Qarabağ üzərindən oyun quracaqlar

Minsk Qrupu tarix oldu Ukrayna üzərindən Rusiya ilə ABŞ (NATO, Aİ) qarşıdurması Qarabağ üzərindən də davam edir. Qərb tərəfləri Brüsseldə bir araya gətirdi. 30 ilə yaxın davam edən adına danışıqlar prosesi qoyulan, əslində heç bir mənası olmayan görüşlərdən fərqli olaraq ilk dəfə konkret məsələlər üzərində duruldu. Görüşlər tarixində ilk dəfə dəqiq tarix verildi. Aprelin sonunda komissiyasının işə başlamasını nəzərdə tuturam.

Bildiyiniz kimi ABŞ və Fransa ATƏT-in Minsk Qrupu həmsədrliyindən çəkildi. Lavrov da “ləğv ediblər” dedi. Yəni, ATƏT-in Minsk Qrupu tarix oldu. Dünənə qədər eyni havanı çalan üçlü indi ayrı ayrılıqda Qafqazda, konkret Qarabağ üzərindən oyun quracaqlar. Dünənə qədər bütün dünya Qarabağın açarının Rusiyada olduğunu deyirdi. İndi o açarı da Rusiyanın əlindən almaq uğurunda mübarizə aparacaqlar. Qərb Qarabağ üzərindən bütün dünyaya göstərməyə çalışacaq ki, Rusiya problem həll edən tərəf yox, problem yaradan tərəf idi və onlar məsələni həll edirlər. Bunu bütün dünya yeni bilsə də, Rusiyanın konkret Qarabağda problem yaradan tərəf olduğunu hər kəs bilirdi.

Qərbin başlatdığı yeni dalğada Fransanın nə qədər səmimi olacağı şəxsən mənə çox maraqlı gəlir. Rusiyaya inad sona qədər davam da edə bilərlər, arada cığallıq da. Bunu zamanla görəcəyik.

Bu məsələdə Rusiyanın mövqeyi də çox maraqlıdır. Ukrayna bataqlığından necə çıxacaqlarını bilməyən Lavrov Rusiya əsas müttəfiqi kimi Ermənistana müdafiə qabiliyyətini gücləndirməyə, sərhədlərinin mühafizəsini təmin etməyə kömək edəcək deyir. Bununla da tərəflərini bəlli etmiş olurlar. Dolayısı ilə Azərbaycana da mesaj verirlər ki, əsas müttəfiq Ermənistandır. Azərbaycanla müttəfiqlik kağız üzərindədir, hətta bir qədər irəli gedib, su üzərindədir də deyə bilərik.

Rusiya görsə ki, açar əldən çıxır, Ermənistanda qarışıqlıq törədə bilər. Bunun adına istər hərbi çevriliş qoyun, istər “xalq hərəkatı”. İlk dəfə edəcəyi şey deyil.

Azərbaycan bundan sonra indikindən üç qat daha səbirli, on qat daha ağıllı davranmalıdır. Çünki iştahası açılmış Qərblə, yaralı “Ayı”nın arasından başqa cür salamat qurtulmaq olmaz.

 





08.04.2022    çap et  çap et