Vaxt.Az

Mesajı 28 ildən sonra gerçəkləşən qəhrəman ...


 

... Yaxud Qarabağ uğrunda vuruşmuş iki nəsli birləşdirən obraz

Mesajı 28 ildən sonra gerçəkləşən qəhrəman ... Uşaq vaxtı ilk dəfə “Ögey ana” filminə baxanda İsmayılın anasının şəklinə baxıb ağlaması məni elə tutmuşdu ki... 8 yaşlı Ceyhun ana sevgisindən doymayan balaca İsmayılın tənhalığını və itkinin bütün dəhşətini elə ifadə edir ki, heyrətlənirsən...

Sonralar ekranda yaratdığı müxtəlif obrazların hamısı tamaşaçı yaddaşında qalmışdı. İstər bolşeviklərə silah daşıyan dərzi oğlan, müsəlman balalarına dərs verən Qori seminariyasının tələbəsi, kefi ala-buludda olan İbadulla, istər “Lətifə”dəki bütün ətrafdakı eybəcərliyi görən, amma buna görə susan sovet partiya işçisi obrazları ekranda həmişə parlaq izini qoyurdu. 

Ceyhun istedad idi...

Çəkdiyi “Fəryad” filmi Azərbaycanın müharibə əleyhinə çəkdiyi dəyərli filmidir.

“Fəryad”da hər şey var: Müharibənin dəhşəti, sülh ümidi, siyasi dəllalların girov qoyduğu talesiz insanlar, qəhrəmanlar və düşmənlər.

Filmdə azərbaycanlı əsir erməni körpə uşağına görə düşmən evini yandırmaqdan əl çəkir... 

44 günlük Vətən Müharibəsində Azərbaycan əsgəri düşmənə qarşı məhz Ceyhunun qəhrəmanı kimi davrandı: Dinc adamları öldürmədi, uşaqlara, qadınlara əl qaldırmadı. 

Əclaf düşməndən fərqli olaraq Ləyaqətlə vuruşdu. 

Ceyhun koloritli aktyor idi.

“Fəryad” filmi son 30 ildə Qarabağın işğalda olduğunu bizə unutmağa qoymayan film oldu.

Bu filmdəki sərt dialoqlar məğlubiyyətin acı qırmancı idi. Filmdən reallıqla bədii təsvirin bir-birinə qarışdığı kədərli dəqiqlər axırdı.

Filmin mesajı 28 ildən sonra həyata keçdi.

Vətən Müharibəsində rayonlar bir-bir azad edildikcə hamının qulağında ixtiyarsız olaraq “Fəryad” filmi, idbar erməninin qulaqlarda qalan sevinc notları ilə dolu “Vnimane, vnimanie... Vzyali Şuşa” səsi gəlirdi.

Ordumuz bu kədəri sevincə çevirdi.

Ceyhun Qələbənin olacağına əmin idi. 

Filmdə epiqraf kimi İncildən seçilmiş “Və yağış yağdı, sel oldu, şiddətli külək əsdi və evin üstünə gəldi. Ev uçub dağıldı” kəlamı həqiqət oldu.

Bu gün mərhum aktyorumuzun doğum günüdür. Qarabağ uğrunda vuruşmuş iki nəsli birləşdirən bir obraza çevrilən Ceyhun Mirzəyevin.

 





09.04.2022    çap et  çap et