Rəsmi məlumatlardan çıxarış etsək, Putin Paşinyanla müzakirələr apardıqdan sonra İlham Əliyev Rusiya liderinə zəng edib.
Ən vacib detal: Ermənistan Azərbaycanın təklif etdiyi 5 maddəlik baza prinsipini qəbul edib. Bu barədə İlham Əliyev xatırlatma verib.
Putinin eyni gündə, belə gərgin qrafikində Əliyevlə Paşinyana yer ayırmasının səbəbləri sırasında Brüsseldə əldə edilmiş razılıqlardan irəli gələcək gedişatlara dair mövqeləri öyrənmək dayanır.
Mümkündür ki, Rusiya Avropa İttifaqının üstün vasitəçilik təşəbbüslərinin dərəcəsini azaltmağa çalışır.
Bu mənada yaxın zamanlarda Əliyevlə Paşinyanın Moskvanın təşəbbüsü ilə yenidən danışıqlar masasına əyləşəcəyinə hazırlıq proseslərinin getdiyi ehtimalları artır.
Bu, Azərbaycan üçün xeyirlidir, çünki sülhyaratma prosesindəki vasitəçilik üçün rəqabət Bakının əlinə işləyir, onsuz da bütün tərəflər bilir ki, İlham Əliyev öz sözünün üstündə axıra qədər dayanacaq və prinsipiallığından əl çəkməyəcək.
Artıq reallığın dərkinə dair təsvirlər Qərbdə də, Rusiyada da mövcuddur və Azərbaycan dövlətinin Ermənistana hər hansı güzəşt edəcəyi gözlənilən deyil.
İstənilən halda, Brüsseldə əldə edilmiş razılıq – istər üzdə olanlar, istərsə də, məxfi saxlanılanlar – Kremli üçtərəfli bəyanatların icrasına təşviq edir.
Putinin istər Əliyevlə, istərsə də Paşinyanla müzakirə predmetlərində üçtərəfli bəyanatların icrası barədə fikir mübadiləsi aparması həmin fikri gücləndirir.
Ancaq 10 noyabr, 11 yanvar və 26 noyabr bəyanatlarının əməli müstəvidəki icrasında Rusiyanın mövqeyində hansısa axsamalar olacağı da istisna deyil.
Aprelin 8-də Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT-in Minsk Qrupunun həmsədr institutunun “dəfni” barədə dedikləri fonunda da Putinin mövqeyi önə çıxır.
Rusiya əslində həmin bəyanatla özünün proseslərdəki təsirini genişləndirməyi qarşıya məqsəd qoyur, ancaq Azərbaycan öz ərazilərini tərəflərin rəqabət meydanına çevrilməməsində israrlı mövqe nümayiş etdirir.
Putinin ilk olaraq Paşinyanla danışmasının səbəblərinə gəlincə, yəqin ki, Rusiya lideri Ermənistan baş nazirinin nəbzini yoxlamaqla onun səmimi olub-olmamasını öyrənib.
Daha sonra Əliyevin Putinə zəng etməsi, İrəvanın öhdəliklərin icrasındakı bundan sonrakı rolu barədə Rusiyanın mövqeyini öyrənmək məqsədi daşıyıb.
NƏTİCƏ:
1. İlham Əliyevlə Nikol Paşinyanın yeni görüşünə hazırlıq gedir,
2. Rusiya üçtərəfli bəyanatların icrasında maraqlıdır, bu, həm də onun Türkiyə ilə isti münasibətlərindən də qaynaqlanır,
3. İstənilən halda, prosesdən Azərbaycan qazanclı çıxır.