Əvvəla, ABŞ Rusiya neftindən imtina etsə də Avropa Birliyi bu məsələdə mühafizəkar mövqe nümayiş etdirir. Avropa Rusiya enerji məhsullarından imtina üçün qısa zamanda alternativ mənbələr tapmaqda çətinlik çəkir. Hətta ilkin qiymətləndirmələr göstərir ki, Avropa Birliyində Almaniya Rusiyanın enerji məhsullarından imtina edərsə bu həmin ölkədə bir sıra sənaye müəssisələrin dayanması və ya fəaliyyətlərini məhdudlaşdırlması səbəbindən 2.5 milyon nəfər işsizlik yarada bilər.
İkincisi, ABŞ və eləcə də OPEK bazar daha çox neft çıxarmağı hədəfləyir. Beynəlxalq Enerji Akademiyası hətta yaxın zamanlarda bazarda yenidən neft artıqlığının olacağını proqnozlaşdırır. Bu isə neftin qiymətinə həm iqtisadi, həm psixoloji təsir göstərir.
Üçüncüsü, enerji bazarında fyuçə müqavilələri bağlandığı üçün neftindən imtina həmin an bazarda boşluq yaratmır. Bu qərarların qəbul olunduğu zaman bazara ilk növbədə psixoloji təsir göstərir.
Dördüncüsü, sanksiyaların icrasına nəzarət mexanizmi hələ də formalaşmayıb. Əslində bu sanksiyaların tətbiqi ilə bağlı hər zaman müzakirə edilən məsələlərdən olub.
Neftin qiymətinin hələ də müqayisəli yüksək olmasına baxmayaraq son qiymət azalmaları bir daha təsdiq edir ki, birjalarda hər zaman dalğalanmalar müşahidə edilə bilər. Bu qeyri-neft sektorunun inkişafının əhəmiyyətini artırmaqla yanaşı, neftdən asılılığın azaldılmasının prioritetliyini gücləndirməkdədir.