Vaxt.Az

Rusiyadan böyük köç


 

Təhlükə tam realdır

Rusiyadan böyük köç ABŞ Rusiya ilə səngərdə deyil, birjalarda döyüşmək qərarı verib. Rubl dəyərini itirir, səhmlər ucuzlaşır, böhran sürətlə iqtisadiyyatın başqa sektorlarına yayılmaqdadır. Vaşinqton iqtisadi silahını işə salıb Rusiyanı ram etmək istəyir. MDB-nin ikinci ən böyük dövləti olan Ukraynada isə qarşıdurma davam edir və iqtisadi tənəzzül yaşanır. Proseslərin necə cərəyan edəcəyini proqnozlaşdırmaq çətindir. (musavat.com)

ABŞ-ın iqtisadi qüdrətinə və dünya iqtisadiyyatına müstəsna təsir gücünə baxmayaraq, Rusiyanın asanlıqla təslim olmaq niyyəti yoxdur. Ötən əsrin 90-cı illərində məşhur olan «Rusiya ac və silahlıdır» fikri yenidən aktuallaşıb. Nüvə silahına güvənən Rusiya hələ ki, müqavimət göstərməkdə davam edir. Baxmayaraq ki, şaxəli iqtisadiyyatı olmayan Rusiya bu döyüşə qətiyyən hazır deyil. Ancaq söhbət heç də Rusiya-ABŞ iqtisadi müharibəsinin mahiyyətinə aydınlıq gətirməkdən yox, bu qarşıdurmanın Azərbaycana mümkün təsirlərindən gedir.

Adətən bu təsirlərdən danışanda neftin qiyməti ön plana çıxır. Çünki Azərbaycan da Rusiya kimi neftdən, daha dəqiq desək, neft qiymətlərindən asılı bir ölkədir. Əgər Qərb Rusiyanı çökdürmək üçün nefti ucuzlaşdırmağa başlasa, onda bundan ən çox ziyan çəkənlərdən biri də Azərbaycan olacaq. Özü də bu təhlükə tam realdır. Tezliklə neftin qiymətinin ucuzlaşması gözlənilir. Hazırda Azərbaycan nefti dünya bazarında 106-107 dollara satılır. Büdcədə isə neftin baza qiyməti 100 dollardan götürülüb. Əgər yəni neft 15-20 dollar ucuzlaşsa belə, bu, Azərbaycan iqtisadiyyatını silkələyəcək. Böyük büdcə kəsiri yaranacaq və dövlət layihələri dayandırılacaq. Özü də 2008-ci ildən də ağır bir situasiya yarana bilər. 2008-ci ildə neft hasilatı artan xətlə gedirdi və buna görə hökumət hasilatın artımı hesabına neftin ucuzlaşmasını ört-basdır edə bildi. İndi isə hasilat azalmağa doğru gedir və qiymətin ucuzlaşması iqtisadiyyata öldürücü təsir göstərə bilər. Bu, məsələnin bir tərəfidir.

Rusiya iqtisadiyyatının çökməsi Azərbaycana başqa bir rakursdan da təsir edəcək. Söhbət Rusiya iqtisadiyyatının çökməsi ucbatından Azərbaycana dönməyə məcbur olacaq sayı ən azı 1 milyondan çox olan vətəndaşımızdan gedir. Bu gün ən azı 1 milyon Azərbaycan vətəndaşı Rusiyada işləməklə, özlərini və burada qalan ailələrini dolandırır. Düzdür, Rusiyada 3 milyona yaxın azərbaycanlının yaşaması barədə iddialar var.

Bu iddialara kölgə salmadan qeyd edək ki, təkcə 2011-ci ilin payızında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rəsmən elan etdi ki, 750 min azərbaycanlı Rusiya vətəndaşlığını qəbul edib. Təbii ki, ötən 3 ildə də xeyli azərbaycanlı Rusiya vətəndaşlığını qəbul edib və onların sayı artıq 1 milyonu ötüb. Çünki demoqrafik fəlakətlə üzləşən Rusiya miqrantları vətəndaşlığa qəbul etməklə əhali sayını ən azı sabit saxlamaq istəyir. Qalan 2 milyonun taleyi isə qaranlıqdır.

Rusiyada iqtisadi çöküş davam edəcəksə, ölkəni işsizlik bürüyəcək və iş yerini itirən miqrantlar ölkəni tərk etməyə məcbur olacaqlar. Özü də ilk növbədə iş yerlərini elə miqrantlar itirəcək. Onların ən azı 60-70 faizi vətənə dönməyə məcbur olacaq və Azərbaycana böyük köç başlanacaq. Azərbaycan hökuməti bu köçü qəbul etməyə hazırdırmı? Bu gün bizi, konkret desək, hökuməti daha çox bu sual düşündürməlidir.

Axı hökumətin gurultulu bəyanatlarına baxmayaraq vəziyyətin necə olacağını hamı gözəl bilir. Hamı gözəl bilir ki, ölkədə iş yerləri məhdud, biznes mühiti isə monopoliyadadır, məmur özbaşınalığı isə heç bir sərhəd tanımır. Korrupsiya və rüşvət də öz yerində. Azərbaycanda biznes mühiti o qədər monopoliyalaşıb ki, bura yaxın düşmək istəyən çox sərt cəzalandırılır. İndi 1 milyon işsizi hökumət harada yerləşdirəcək?

Ailə üzvlərinin sayını da buraya əlavə etsək, ən azı 3,5 milyon nəfər Rusiyadan gələn gəlir hesabına dolanırdı. Rusiyadan böyük köç başlansa onlar Azərbaycan hökumətinin mərhəmətinə möhtac qalacaqlar. Hökumət bu barədə düşünürmü? Təbii ki, yox. Parlamentin son iclasında hökuməti dəstəkləyən deputatlar bu problemlərdən danışmaq əvəzinə «içərimizdəki xainlərdən» söhbət açdılar. Rusiyada yaşayan tanışlarımın bəziləri isə artıq geri dönəcəkləri barədə ailələrini məlumatlandırıblar.

 





05.03.2014    çap et  çap et