Vaxt.Az

Daha bir kütləvi məzar


 

Buça şəhəri yaxınlığında onlarla güllələnmiş avtomobil tapılıb

Daha bir kütləvi məzar Rusiya qoşunlarından azad edilmiş Kiyev vilayətinin Buça şəhəri yaxınlığındakı Buzovaya kəndində onlarla cəsədin basdırıldığı daha bir kütləvi məzar aşkar edilib. Bu barədə Dmitriyev icmasının rəhbəri Taras Didiçin məlumat verib.

Cəsədlər Kiyev-Svyatoşinski rayonunun Mila və Meçta kəndləri arasındakı yanacaqdoldurma məntəqəsinin yaxınlığında basdırılıb. Didiçin sözlərinə görə, hazırda öldürülənlərin dəqiq sayı müəyyənləşdirilir.

İşğaldan azad edilmiş bölgələrdə içərisində sərnişinlər olan onlarla güllələnmiş mülki avtomobilin də aşkar edildildiyi bildirilib. Xilas ola bilən yerli sakinlərdən biri Rusiya hərbçilərinin atəş açdıqlarını və sonra maşının alovlanmasını gözlədiklərini deyib.

Daha əvvəl Makarov qəsəbəsində edam edilmiş 132 yerli sakinin cəsədi tapılmışdı. Qəsəbənin başçısı Vadim Tokarın dediyinə görə, qəsəbə 40 faiz dağılıb.

Kiyev yaxınlığında onlarla mülki vətəndaşın öldürülməsi haqqında məlumatlar aprelin əvvəlindən yayılmağa başlayıb. Aprelin 3-də səhər saatlarında aparıcı xəbər agentlikləri Buça şəhərinin küçələrində mülki geyimli, bəzilərinin əlləri arxadan bağlı cəsədlərin fotolarını nümayiş etdirib.

Fotolar bütün dünyada şok kimi qarşılanıb. Qərb ölkələri mülki əhalinin öldürülməsini pisləyib və Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edib.

Rusiya Müdafiə Nazirliyi Kiyev yaxınlığındakı Buça şəhərində qətlə yetirilən mülki vətəndaşların foto və videolarını “daha bir təxribat” adlandırıb və “Kiyev rejiminin qərb mediası üçün səhnələşdirdiyini” deyib.

Müharibə başlayandan Rusiya Mariupolda doğum evinin və dram teatrının bombalanmasından tutmuş, Kramatorskda dəmiryolu vağzalına raket zərbələrinə qədər Ukrayna ərazisində törədilmiş hərbi cinayətlərlə bağlı bütün xəbərlərin təxribat olduğunu deyir.

 





12.04.2022    çap et  çap et