Baxmayaraq ki, bu tip məlumatlar digər dövlət qurumlarında elektron formada var, lakin inteqrasiya tam reallaşmadığından dövlət qurumları bunu kağız formada tələb edirlər.
“myGov” və “eGov” portallarından əldə edilən arayışları isə bir çox dövlət qurumları tanımaqdan imtina edir və möhürlü kağız sənədlər tələb edirlər.
Dövlətə məxsus informasiya sistemlərinin inteqrasiyası ilə bağlı Prezidentin müvafiq fərmanı olsa da bir çox dövlət qurumlarında hələlik bunu başa çatdırmaq mümkün olmayıb.
Vətəndaşdan kağız formada sənəd tələb edilməsi nə vaxtadək davam edəcək? Problem nə zaman öz həllini tapacaq?
Bununla bağlı Prezident İlham Əliyevin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nında vacib bir tədbir öz əksini tapıb.
Yeri gəlmişkən, bu Fəaliyyət Planında dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması ilə bağlı xeyli tədbirlər nəzərdə tutulub.
Yuxarıda qeyd olunan problemin, xidmətlərin göstərilməsində kağızdan imtina ilə bağlı işlərin isə 2026-cı ilədək başa çatdırılması nəzərdə tutulub.
Bu müddət ərzində Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi kağız tələb olunan xidmətilərin “söykəndiyi” informasiya sistemlərini inteqrasiya etməlidir. Vətəndaşdan tələb olunan kağız sənədləri isə dövlət qurumlarının informasiya sistemlərindən alınan məlumatlar (data) əvəz etməlidir.
Yəni, Dövlət Agentliyi kağız əsaslı xidmətdən məlumat əsaslı xidmətlərə keçidi qeyd olunan tarixədək başa çatdırmalıdır.
Düşünürəm ki, adı çəkilən Fəaliyyət Proqramı nəinki birbaşa qarşıya qoyulan vəzifələrin icrasına yönəlib. Deyərdim ki , burada həm də rəqəmsallaşma, rəqəmsal transformasiyanı da sürətləndirəcək məqamlar var.
Fəaliyyət Planında nəzərdə tutulan 60-dək tədbirin təxminən üçdən biri dövlət sektorunda rəqəmsallaşma ilə bağlıdır.
Ümid edirəm aidiyyəti qurumlar Fəaliyyət Planında nəzərdə tutulanların vaxtında icrası üçün ciddi səy göstərəcəklər.