Medvedçuk işğal başladıqdan sonra fəaliyyəti qadağan edilmiş “Müxalifətçi Platforma - Həyat Uğrunda” Partiyasının lideridir və zəngin iş adamıdır. Təxminən 1 il əvvəl barəsində “vətənə xəyanət” ittihamı ilə cinayət işi açılmış və istintaq müddətində ev dustağı edilmişdi. (Bu barədə yazmışdım.)
Müharibə başladıqdan sonra xəbər yayıldı ki, Medvedçuk xaosdan yararlanaraq qaçıb. Söz-söhbət var idi ki, Rusiya ordusu Kiyevə girib, Zelenskini devirdikdən sonra qurulacaq kukla hökumətə məhz Medvedçuk rəhbərlik edəcək, bu səbəblə Rusiya kəşfiyyatı onu hər ehtimala qarşı təhlükəsiz yerə qaçırıb.
O zamandan bəri Ukrayna Təhlükəsizlik Xidməti Medvedçuku axtarırdı. Bir az əvvəl Zelenski xəbər verdi ki, təhülksizlik əməkdaşları Medvedçuku yaxalayıb. “UTX xüsusi əməliyyat keçirib. Medvedçuk saxlanılıb. Afərin! Detallar bir az sonra”, - Zelenski yazıb. Medvedçuk Ukrayna ordusunun formasında imiş.
Viktor Medvedçuk Kuçma dövründə prezident administrasiyasının rəhbəri vəzifəsində çalışıb. Qızı dünyaya gələndə Putin körpənin xaç atası olub. Yəni “böyük balıq”dır.