Vaxt.Az

Qanunda ədalət aramayın...


 

O, sadəcə, qaydalar, hərflər və durğu işarələri toplusudur

Qanunda ədalət aramayın... “Ədalət məhkəməsi”, “Ədalət zəfər çalsın”, “Qanunun ədalət tələbi”... Tanış, çox işlənən və bəlkə də klişe ifadələrdir.

Fəqət, məni maraqlandıran bir sual var: Qanun nə dərəcədə ədalətdir və ədaləti qanunla təmin etmək olarmı?

Qanunla ədalət arasında fərq odur ki, qanun hamı üçündür, hərəninsə öz ədaləti var.

Məsələn, istənilən cəmiyyətdə bəs deyincə insan yaşayır ki, onlar ət yemir, avtomobillərin elektriklə işləməsini tələb edirlər. Bəzilərisə var ki, insanların ümumiyyətlə, yoxa çıxmasını, bitkilərlə heyvanların tam asudə var olmalarını arzulayırlar.

Bəziləri isə tam əksinə, deyirlər ki, heyvanları zooparkda görsək, bəsdir, hər tərəf beton və asfalt olmalıdır.

Biriləri deyirlər ki, cəmiyyət dini qanunlarla və qaydalarla idarə olunmalıdır - bəzilərisə əmindirlər ki, din bəşəriyyətin inkişafına mane olur.

Bəziləri deyirlər ki, dünyada hamı xristian olmalıdır - bəziləri buyururlar ki, xeyr, İslam dünyada bərqərar olmalıdır.

Kimisi üçün keyfiyyətsiz ərzağın dükanda ucuz qiymətə satılması əladır - bəziləri isə ucuz ətin şorbasının pis olduğunu qətiyyətlə söyləyirlər.

Birilərii üçün mühafizəkar geyim şərtdir - bəziləri isə sərbəst geyimi asudə yaşam atributu sayır.

Bəzilər bəzilərdən həmişə, hər zaman, hər yerdə çox fərqlənib. Hətta bir olduqlarını, vəhdət təşkil etdiklərini deyənlər də fərqlidir və bəzən düşməndir.

Xristianlar xristianları, müsəlmanlar müsəlmanları, buddistlər buddistləri daim öldürüb - paradoks deyil bu. Çünki onların hər birinin öz ədalət meyarı var.

Ədalətləri fərqli olan insanların bir cəmiyyətdə yaşaya bilmələri üçün insan övladı əlahəzrət Qanunu fikirləşib, ixtira və kəşf edib.

Qanunlarda heç vaxt ədalət olmayıb, yoxdur və olmayacaq. Qanunlar bunun üçün deyil.

Qanunlar yazılıb ki, cəmiyyətin bütün üzvləri, yəni fərdlər, individlər birgəyaşamın eyni qaydalarına riayət etsinlər, ali və ilahi ədalət uğrunda bir-birlərinə qənim kəsilməsinlər.

Qanunda ədalət aramayın.

Qanun sadəcə, qaydalar, hərflər və durğu işarələri toplusudur.

Qanunun hərfinə və məğzinə görə, evimə girmiş oğrunu balta ilə vuran adam həbs ediləcək.

Amma evində, elə həmin yerdə balta saxlayan adam qanun qarşısında məsuliyyət daşımır.

Niyə?

Çünki niyyət yoxdursa, cinayət də yoxdur.

Məhz bu səbəbdən əynində forma olan adam cinayətkarı, manyakı, yaramazı hadisə yerində güllələsə, cəzalanmayacaq. Tam əksinə, hələ bəlkə ona mükafat da verəcəklər.

Amma həmin anda, hadisə yerinin yanından keçən adi adam cinayətkarı cəzalandırsa, mütləq həbs ediləcək.

Və ya kimisə girov götürmüş şəxsə qarşı əməliyyat keçirən, onu zərərsiz hala gətirən bir dəstə polisə mükafat veriləcək.

Bunu xüsusi əmr, tapşırıq və göstəriş olmadan, müstəqil şəkildə edən polislər isə cəzalanacaq, onlar vəzifə səlahiyyətlərini aşmaqda suçlanacaqlar.

Qanunvericilikdə ədalət olmur, çünki qanunlar insanları cəmiyyətin maraqları istiqamətində yönləndirən qaydalar toplusudur.

Qanun tələb edir ki, insanlar cinayətkarı cəzalandırmasınlar, onu tutub polisə təhvil versinlər. Alınmırsa, cinayətkarı bunun üçün xüsusi səlahiyyəti olan adamlar etməlidir.

Adi misal: küçə ilə gedirsiniz, birinin başqasını qarət etməyə çalışdığını görürsünüz. Dayanmalı, polis çağırmalısınız. Özünüz ədalətə can atsanız - həbs ediləcəksiniz.

Əsrlərdir qanunlar belə işləyir.

Oğruların və quldurların mağara qarşısındakı ağacdan asılmasından, canilərin meydanda edam edilməsindən, duellərdən və “ədalətli cəza”lardan tutmuş, məhkəmə iclaslarına, təzminatlara və kassasiya şikayətlərinədək qanunvericilik uzun yol keçib.

Qanunları bəyənməyə bilərik. Hətta bəzilərini sərt və ya əksinə, yumşaq saya bilərik.

Lakin onlar varsa, cəmiyyət də o qanunlarla yaşayırsa, deməli, həmin cəmiyyət sakit və stabil yaşamı üçün bu qiyməti ödəməyə razıdır.

Sənaye dövründə yaşayırıq. Bu dövr əmək bölgüsü, dəqiq ixtisaslaşma zamanı olduğundan cinayətkarların cəzalandırılması ilə də buna məsul edilmiş adamlar məşğul olmalıdır - sənətçilər, dərzilər, fermerlər və ya müəllimlər yox.

Məhz bu səbəbdən adi vətəndaşa cinayətkarlıqla bildiyi kimi, ədalətli saydığı təki mübarizə aparmağı qanun yasaqlayır.

Qanunun ədaləti olmadığı kimi, ədalətin də qanunu olmur.

 





13.04.2022    çap et  çap et