Bir gün öncə komandanın baş məşqçisi heç kimə demədən düşərgəni tərk edib başqa 1 klubla müqavilə bağlayıb. Çempionatdakı ilk oyuna isə sadəcə 6 gün qalıb.. Çoxsaylı transferlər edilib, qarşıya avrokuboklar hədəfi qoyulub, komanda isə başsızdı..
Əsəbi, gərgin, skeptik durum yaranıb. Bu vəziyyətdə komandanı kim götürsəydi belə “nəticə” sözünə risk etməyəcəkdi. Amma günorta saatlarında “Ruslan-93”dəki üçotaqlı ofisə cins şalvarlı, üçdüyməli köynəkdə 36 yaşlı gənc yaxınlaşdı. Çayçı otağında bir stəkan çay içib Emrah Çelikellə görüşə getdi.
Qabağına futbolçuların siyahısı qoyuldu. Əlavə olaraq Zaur Ramazanov və Emin İmaməliyevin də komandaya qoşulmağının mümkünlüyü bildirildi. 36 yaş bu gənc siyahıya nəzərə salıb bu komandayla işləmək olar deyib, yükü üzərinə götürdü.
Amma yəqin heç kim inanmazdı ki, altı aylıq müqavilə ilə işə başlayan bu şəxs nəinki “Qarabağ” klubunun bütün Azərbaycan futbolunun yükünü öz üzərinə götürəcəkdi.
Bəli, altı aylıq yola çıxan gəncin bu gün tamamlanan əlli yaşında Azərbaycan futbolunda bir daha fərdi olaraq qazanılmayacaq olduqca rəngarəng “nəticələr”lə doludur.
Xəyalları belə əlçatmaz olan uğurlar qazan(dır)dı. Göstərdi ki, bir şeyin xəyalını qurmaq onun üçün dayanmadan, səbrlə, zamanını gözləməklə gerçəkləşdirmək mümkündür.
Kimdir, 50 yaşlı Qurban Qurbanov?
Olduqca ağır, amma şəffaf sualdır. 36-sında 50, 50-sində 36 yaşındadır Qurbanov.
Yazıram, pozuram, yazıram, pozuram.
Oxuma ehtimalını nəzərə alıb “gərək, elə şeyləri yazmazdın” deyəcəyinə görə götür-qoy edirəm.
Səhnənin önündə çoxsaylı titullar bərq vursa da pərdənin arxasında Qurbanovun zəhmətinin, əxlaqının, səbrinin ağırlığı var.
Həmişə bir gözü gülüb, bir gözü ağlayıb onun.
Amma heç vaxt əzmini, səbrini itirməyib.
Dilə gətirməsə də qazandıqlarını bəzən bir təbəssümə sığdırıb.
Hansısa haqsızlığı, uğursuzluğu da qaşlarının düyüntüsündə gizlədib.
Nə qədər paradoksal olsa da həmişə eyni olub:
“İnter”lə məlum qol olayında, “Viktoriya”ya ağılkəsməz yenilgidə nə olubsa, ilk çempionluğunda, Çempionlar Liqasında düşəndə və ya millidən ən haqsız şəkildə uzaqlaşdırılanda da həmişə eyni adam olub.
Təbii ki, içində təlatümlər tüğyan edib. Amma o hər uğursuzluğu sınmayıb, nə də hansısa uğura sığınıb.
Dünənlə yaşamayıb, sabaha isə yeni çağırış kimi baxıb.
Onunla çalışdığım on üç il ərzində onun bir dəfə də olsun uğursuzluğa görə bədbinliyə düşdüyünü görmədim.
Və ya hansısa uğura görə təşəxxüsləndiyini (özündən razı) görmədim.
Əksinə, məsələn hər dəfə ölkə prezidenti onu tərifləyəndə üzərində məsuliyyət ağırlığını hiss edib.
Bunu onun baxışlarında, davranışlarında rahat müşahidə etmək olar.
Və ya hansısa ucqar bir kənddə bir soydaşının diqqətinə, sevgisinə o qədər ehtiramla yanaşıb ki, bunu başqası edə bilərdimi sualını yaradıb.
Fikirlərimin qəliz olduğunu anlayıram) Detallardan qaçaraq əlli yaş portretini on üç illik fərdi impresionist çalarını boyamağa çalışdım.
Yaza bilmədiklərim yazdıqlarımdan daha çox və böyükdür. Amma 1 gün mütləq yazacam.
Lakin, indi qəti olaraq ifadə olunacaq bir şey var:
Qurban Qurbanov Azərbaycan futbolunun başına gələ biləcək ən böyük hadisədir.
Qurban Qurbanov vətənini sevən, bundan usanmayan böyük azərbaycanlıdır.
Qurban Qurbanov Azərbaycan əxlaqıdır.
Qurban Qurbanov öyrəniləcək, öyrədiləcək fenomendir.
Qurban Qurbanov əsrə sığmayan 50 ildir.