Rus hərbçiləri «Donuzlav» qarnizonu bir
necə gün mühasirədə saxladıqdan sonra dünən gecə 23 radələrində ətrafında
qurduqları postları tərk edərək naməlum istiqamətə hərəkət ediblər. Həmçinin
Rusiyanın Qara dəniz donanmasına məxsus «Moskva» raket kreyseri də blokpostu
tərk edib. Rus hərbçiləri burada post qurmaqda məqsədi Ukrayna hərbi
gəmilərinin dənizə çıxışına mane olmaq idi. Bir müddət sonra onların qəfil tərk
etmələrinin səbəbi bəlli olub. Gecə yarısında «Şaxtyor» dartı gəmisinin
köməkliyi ilə istifadə müddəti bitmiş «Oçakov» gəmisini Donuzlavın ən dərin
yerinə gətiriblər. Burada «Oçakov» gəmisini batıran əsgərlər daha sonra «Şaxtyor»
gəmisini partladıblar. Bunda məqsəd yarısı suyun üzündə qalan gəmini çıxarmaq
üçün hər hansı üzən dokun gəmiyə yaxınlaşmasının qarşısını almaq olub. Bundan
başqa Ukrayna gəmilərinin Donuzlavdan keçərək Qara dənizə çıxmalarının qarşısı
kəsilib. Batırılan gəmilərin çıxarılması isə xeyli vaxt və maliyyə vəsaiti
tələb edəcək.
Qeyd edək ki, «Oçakov» gəmisi uzun müddət idi istifadəsiz qalmışdı. Batırılan hər iki gəmi Rusiya Qara dəniz donanmasına aid olub.