Komissiyanın ilkin hüquqi təhlilinə görə, Prezident Vladimir Putinin sərəncamı proseduru mahiyyətcə dəyişir və yeni hüquqi vəziyyət yaradır. Agentliyin həmsöhbəti deyib ki, yeni prosedur tranzaksiyalara tam nəzarəti Rusiya dövlətinə verəcək. Bundan başqa Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri pozulmuş olacaq, komissiya belə hesab edir.
Putinin martın 31-də imzaladığı sərəncam “qeyri-dost” ölkələrə təbii qazı rublla satmağı nəzərdə tutur. Sənədə görə, Rusiya qazının alıcıları aprelin 1-dən qaz üçün ödənişlərdən ötrü Rusiya banklarında rubl hesabı açmalıdırlar. Kreml həmçinin “başqa şərtlər irəli sürülərsə”, qərarı dəyişə biləcəyini istisna etməyib.
***
Aİ liderləri dəfələrlə bəyan ediblər ki, Rusiya qazı üçün ödənişi rublla etməyə qarşıdırlar.
Avropa Komissiyasının başçısı Ursula von der Leyen Rusiyanın bu qərarını Qərbin sanksiyalarından yayınma cəhdi adlandırıb. O, komissiyanın buna imkan verməyəcəyini deyib. “Bizi enerji daşıyıcıları ilə şantaj etməyin vaxtı bitib”, – o vurğulayıb.
Aİ istehlak etdiyi qazın 40 faizə qədərini Rusiyadan alır. Avropa Komissiyasının dəyərləndirməsinə görə, bu həcmi tezliklə əvəzləmək mümkün deyil – təchizatın kəsilməsi yanacaq qıtlığına səbəb olar.
Rusiya fevralın 24-də Ukraynaya qarşı irimiqyaslı müharibəyə başlayıb. Qərb buna görə Moskvaya sərt sanksiyalar tətbiq edib.