Vaxt.Az

Sanksiyalar “Lukoyl”u vurdu


 

Britaniyanın siyahısında şirkətinin rəhbəri Vahid Ələkbərovun da adı var

Sanksiyalar “Lukoyl”u vurdu Britaniya Ukraynada başlayan müharibəyə görə Rusiyanın 206 fiziki və hüquqi vətəndaşına qarşı sanksiya tətbiq edib.

Sanksiyalar siyahısına “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov, Dövlət Dumasının deputatı və məşhur xokkeyçi Vyaçeslav Fetisov, “AFK Sistema”nın yaradıcısı Vladimir Yevtuşenkov, prezidentin köməkçisi Andrey Fursenko, “Qazprombank”ın vitse-prezidenti Sergey Fursenko, Rusiya xarici işlər naziri Lavrovun həyat yoldaşı Mariya Lavrova, “Alliance Group”un prezidenti Musa Bajaev, iş adamı Süleyman Kərimovun oğlu Səid Kərimov da daxildir.

Siyahıya eləcə də Rusiyayönlü “Müxalifət Platforması - Həyat Naminə” partiyasının rəhbəri, Rusiya prezidenti Vladimir Putinin qudası Viktor Medvedçukun da adı var. Bir gün əvvəl Medvedçuk Ukraynada saxlanıb. Rusiyayönlü siyasətçi fevralın sonunda ev dustaqlığından qaçıb. O, Ukraynada dövlətə xəyanətdə və terror fəaliyyətinə şərait yaratmaqda ittiham olunur.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Britaniya Rusiyaya qarşı bir sıra sanksiyalar paketi tətbiq edib. Məhdudiyyətlər Vladimir Putinə, qızlarına və xarici işlər naziri Sergey Lavrova, milyarder Roman Abramoviçə, “Rosneft”in direktorlar şurasının sədri İqor Seçinə, “Qazprom”un direktorlar şurasının sədri Aleksey Millerə şamil edilib.

Rusiyanın “Qazprombank”, “Rosselxozbank”, “Alfa-Bank”, “Rusiya Dəmir Yolları”, “Alrosa”, “RusHydro”, RVC və başqaları da məhdudiyyətlərə məruz qalıb. “Sberbank” və Moskva Kredit Bankının səhmləri dondurulub.

Bundan əlavə, London Rusiya iqtisadiyyatına yeni investisiyaların qoyulmasına, Rusiyaya neft emalı avadanlıqlarının ixracına və Rusiyadan polad məmulatlarının idxalına qadağa qoyub.

2022-ci ilin sonuna qədər Britaniya Rusiyadan kömür və neft idxalını dayandırmaq qərarına gəlib.

 





14.04.2022    çap et  çap et