Vaxt.Az

Misli görünməmiş hərbi yardım


 

ABŞ-dan Ukraynaya helikopterlər, haubitsalar, ZTR-lər, dronlar, radiolokasiyalar və daha nələr

Misli görünməmiş hərbi yardım Ukrayna lideri Vladimir Zelenskinin Rusiya qüvvələrinin məğlub edilməsi üçün daha çox yardıma ehtiyacı olduğu barədə müraciətindən sonra Birləşmiş Ştatların tezliklə Ukraynaya 750 milyon dollara qədər əlavə təhlükəsizlik yardımı elan edəcəyi gözlənilir.

Konqresin yüksək səviyyəli rəsmisi yardımçısının “Reuters” xəbər agentliyinə bildirdiyinə görə, son paketin hələ müzakirələri davam etsə də, çox güman ki, bu paketə haubitsalar da daxil olmaqla, ağır artilleriya yer sistemləri də əlavə ediləcək.

ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bundan əvvəl 300 milyon dollarlıq təhlükəsizlik yardımı paketinin bir hissəsi olaraq, vəd edilmiş 100 ədəd tankları məhv edən dronların böyük hissəsinin də Ukraynaya verildiyini bildirib.

Dronların qalan hissəsinin və əlavə olaraq tank əleyhinə Javelin raketlərinin də yaxın bir həftə ərzində Ukraynaya çatdırılması gözlənilir.

Ağ Evin bəyanatında ABŞ Prezidenti Co Bayden və Britaniyanın Baş naziri Boris Consonun çərşənbə axşamı “Rusiyanın davam edən vəhşiliyi qarşısında Ukraynaya təhlükəsizlik və humanitar yardım öhdəliyini davam etdirəcəklərini bir daha vurğulayıb” deyilir.

Bayden Rusiyaya qarşı ritorikasını da gücləndirərək, Prezident Vladimir Putini Ukraynada “soyqırım” təşkil etməkdə ittiham edib.

Bayden benzin qiymətlərinin aşağı salınmasına dair yardım proqramını təşviqi üçün ABŞ-ın Ayova ştatına səfəri zamanı deyib: “Ailə büdcəniz, tankınızı doldurmaq qabiliyyətiniz, bunların heç biri diktatorun müharibə elan edib-etməməsindən və dünyanın digər yarısında soyqırım törətməsindən asılı olmamalıdır”.

Daha sonra ABŞ Prezidenti jurnalistlərlə görüşü zamanı Rusiyanın hərəkətlərini soyqırım kimi qiymətləndirmək qərarını müdafiə edib.

“Mən bunu soyqırım adlandırdım, çünki getdikcə daha aydın oldu ki, Putin sadəcə ukraynalı fikrini yox etməyə çalışır və buna dair sübutlar artır”, - deyə Bayden bildirib.

***

Bu arada Ağ Ev Ukraynaya hərbi yardımla bağlı press-reliz yayıb. Sənəddə deyilir ki, ABŞ Ukraynanı helikopter və artilleriya ilə təchiz edəcək.

Belə ki, ABŞ və Ukrayna prezidentləri Co Baydenlə Vladimir Zelenski arasında telefon danışığı zamanı Amerika lideri bu ölkəyə zirehli personal, artilleriya sistemləri və helikopterlər də daxil olmaqla əlavə hərbi yardım üçün 800 milyon dollar ayıracağını bildirib.

“Bu yeni yardım paketinə çox effektiv silah sistemləri, eləcə də Rusiyanın Ukraynanın şərqində başlayacağını gözlədiyimiz daha geniş hücuma uyğunlaşdırılmış yeni hərbi texnika daxil olacaq”, - məlumatda qeyd edilir.

Həmin silahların və texnikanın siyahısını təqdim edirik:

16 ədəd Mi-17 helikopteri

18 ədəd 155-mm çaplı haubitsa

3000 ədəd “Switchblade” kamikadze dronu

“AN/MPQ-64 Sentinel” hava müşahidə radiolokasiya stansiyası

10 ədəd “AN/TPQ-36 Firefinder” radiolokasiya stansiyası

200 ədəd M113 zirehli transportyoru (ZTR)

100 ədəd HMMWV IMV hərbi avtomobili.

 





14.04.2022    çap et  çap et