Vaxt.Az

Sabiq rektor istefasından danışdı


 

Şəmsəddin Hacıyev: «Vəziyyət çox gözəldir»

Sabiq rektor istefasından danışdı Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) sabiq rektoru, deputat Şəmsəddin Hacıyev istefasından danışıb. O, musavat.com-a hər şeyin qaydasında olduğunu deyib. Sabiq rektor bildirib ki, istefasını normal qarşılayıb: «Mən prezidentin əsgəriyəm. Prezident məni hara göndərsə gedəcəyəm. Sabah cəbhəyə göndərsə, ora gedəcəyəm. Heç bir problem yoxdur».

Ş.Hacıyev bundan sonra parlamentdə işini davam etdirəcəyini bildirdi: «Vəziyyət çox gözəldir. Mən həm rektor, həm də parlamentdə komitə sədri idim. Bundan sonra var gücümlə parlamentdə qanunvericilik fəaliyyəti ilə bağlı məşğul olacağam. Bu qərarı da çox gözəl qarşıladım, istefamı normal qəbul edirəm. Parlamentdə elm-təhsil sahəsində qanunvericiliklə bağlı işləri davam etdirəcəyəm».

Deputat yerinə təyin olunan rektor Ədalət Muradov haqda da danışıb. Onun sözlərinə görə, təzə rektor savadlı kadrdır və qalan işləri davam etdirəcəyinə inanır: 

«Mən yeni rektoru çoxdan tanıyıram. Yeni rektor layiqli kadrdır, iqtisadçıdır, elmlər doktorudur, Kiyevdə işini müdafiə edib. Özüm onun müdafiəsində iştirak etmişəm. İnanıram ki, başladığımız yerdən qalan işləri davam etdirəcək».

***

Uzun illərdir ADİU-da müəllim işləyən Qubad İbadoğlu da Ş.Hacıyevin istefasına münasibət bildirib. O, «Yeni Müsavat»a açıqlamasında qeyd edib ki, Ş.Hacıyev 10 il ərzində universitetin maddi-texniki bazasının inkişafı naminə çox işlər görə bilib: 

«Yeni korpuslar tikildi, mövcud korpuslar təmir edildi, texniki təchizatı yeniləşdi. Bu dövrdə beynəlxalq əlaqələr də genişləndi. Universitetdə tədqiqat mərkəzi yaradıldı. Tədris-metodiki ədəbiyyatlar əvvəlkindən çox nəşr olundu. Həqiqətən, tətbiq olunan tədrisin yekunu kimi universitetdə rüşvətxorluğun səviyyəsini aşağı saldı. Amma tam aradan qaldırmadı. Nəticədə də təhsilin keyfiyyəti ona adekvat olaraq artmadı. 

Xüsusilə də, aşağı əmək haqqı alan müəllim-professor heyətində tədrisin keyfiyyətinin artırılmasında stimul yaranmadı. Ölkədəki ümumi problemlər və universitetdən kənar xarici mühitin də mənfi təsirləri çox oldu. Beləliklə, tədris səviyyəsi üzrə qarşıya qoyulan məqsədlərə tam nail olunmadı».

 





06.03.2014    çap et  çap et