Sosial şəbəkələrdə də yerli ekspertlər həmin iddiaları translyasiya edirlər.
Və buyururlar ki, “Moskva” kreyserinə əvvəlcə “Bayraktar TB2” PUA-sı yaxınlaşıb, kreyserin radiolokasiya sistemini sıradan çıxarıb, sonra ukraynalılar “kor edilmiş” kreyseri raketlə vurublar.
Yaxşı səslənir, amma absurddur.
Çünki 1164 “Atlant” layihəsindən olan bu kreyserdə bir yox, bir neçə radiolokasiya stansiyası (RLS) var.
“3R41 Volna” RLS-i kreyserdəki “S-300” ZRK sisteminin, “MPZ 301 Baza” gəmidəki “Osa” raket komplekslərinin, “MR-1164 Arqon” RLS-i “R1000” raket komplekslərinin, MR-184 gəmidəki AK-130 turel pulemyotlarının, “Kasatka-B” uzaqməsafəli radiolokasiya, radiokəşfiyyat və təyinetmə sisteminin, “MR-123 Vımpel” kreyserdəki AK-630 sisteminin, MR-404 isə kreyserin ümumi radiolokasiya, kəşfiyyat və atəşin idarə olunması sistemlərinin fəaliyyətini təmin edir.
Yəni “Bayraktar” heç cür, heç bir vəchlə bunca RLS-ləri sıradan çıxara bilməz. Belə iddianın özü texniki baxımdan mümkün deyil.
“Bayraktar”ın kreyserə yaxınlaşması da mümkün deyil, çünki “Moskva” bu PUA-nı maksimal məsafədə vura bilərdi.
Daha dəqiq olsam, “Moskva” kreyseri eyni zamanda “Bayraktar” kimi 18 hədəfi aşkarlamaq, müşayiət etmək və onlardan 6-sını eyni anda vurmaq imkanlarına malikdir.
Sual doğuran başqa məsələdir: əgər “Moskva” kreyseri çoxsaylı və müxtəlif formatlı RLS-lərə malik olmasına rəğmən, səs sürətindən aşağı sürətlə uçan anti-gəmi raketlərini zərərsizləşdirə bilməyibsə, Rusiya Federasiyasında istehsal edilən və sadaladığım RLS-lərin keyfiyyətinə, təriflənən texniki xarakteristikalarına çox ciddi şübhələr var.
Ruslarla ukraynalılar fasiləsiz bəyan edirlər ki, kreyser Ukraynanın yeni istehsalı olan “Neptun” anti-gəmi raket sistemi ilə vurulub.
Bu da nağıla bənzəyir.
Kreyserin ABŞ istehsalı olan “Harpoon” və ya “Penguin” raketlərindən biri ilə vurulması daha ağlabatandır.
İllah da ki, bu sistemlər artıq Ukraynadadır.
Özü də Kiyevə hələ müharibədən xeyli əvvəl, məxfi şəkildə verilmişdi.