Bu gün baş tutan onlayn satışın yekunu ilə bağlı sosial mediada müəyyən narazılıqlar müşahidə olunur.
Əvvəlkilərdən fərqli olaraq satışın hətta 5 saniyə müddətində gerçəkləşdiyi, bəzi iddiaçıların xüsusi proqram təminatlarından istifadə etdiyi bildirilir.
Bəzi iddialara görə, xüsusi adamlar var ki, onlar evin kvadratından asılı olaraq 3-5-7 min civarında ödəniş alaraq, evləri istənilən adam üçün “tuta” bilir. Onlar “mənzil hakerləri” də adlandırılır.
Məlumata görə, “mənzil hakerləri”ni çox vaxt maklerlər tutur ki, evləri alıb bahasına satsınlar. Beləliklə sadə, imkansız vətəndaşlar sosial mənzil satışından kənar saxlanılırlar.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz onlayn məzil satışının 4 saniyə ərzində başa çatmasından təəccüblənib.
Ekspert deyib ki, adətən onlayn satış prosesini xeyli sayda dövlət qurumları izləyir:
“Əvvəllər mən də bir neçə dəfə müşahidəçi olaraq bu prosesi izləmişəm. Prosesin təkmilləşdirilməsi və şəffaflığın artırılması üçün təkliflər təqdim etmişik. Bu gün baş tutan onlayn satışa müşahidəçi olaraq dəvət edilməmişik. Ümid edirəm ki, MİDA bu gün baş tutan satış haqqında, narazılıqlar haqqında ətraflı məlumat verəcək”.