Vaxt.Az

“Moskva”nın qara dənizi


 

Rusiya hərbi donanması flaqmansız qaldı

“Moskva”nın qara dənizi Rusiya Müdafiə Nazirliyinin aprelin 14-də, axşam yaydığı bəyanatda deyilir ki, Rusiya Qara dəniz hərbi donanmasının əsas gəmisi – flaqmanı – “Moskva” raket kreyseri batıb: “Kreyser təyinat portuna yedəklənərkən gövdəsində yanğın və sursatın partlayışından yaranmış zədələrə görə üzərliyini itirib. Gəmi dənizdəki qasırğalı hava şəraitində batıb”.

Rusiya Müdafiə Nazirliyi bundan əvvəl Moskva kreyserinin göyərtəsində yanğın baş verdiyi və ardınca gəmidəki sursatın partladığını xəbər vermişdi.

Bu da qeyd olunurdu ki, gəminin ciddi zədələr almasına baxmayaraq əsas raket qurğusuna ziyan dəyməyib və heyət tam şəkildə evakuasiya edilib.

Məlumatda yanğının səbəbi bildirilmirdi.

Nazirlik əvvəlcə bunu da bildirmişdi ki, gəmi üzərliyini saxlayıb və onun porta yedəklənməsi üçün tədbirlər görülür.

Gəminin yedəklə hara aparılacağı və yanğının harada baş verdiyi bildirilmirdi. Bundan əvvəl gəmini aprelin 10-da Sevastopolda görmüşdülər.

***

Pentaqonun sözçüsü Con Kirbi də gəminin üzmə qabiliyyətini saxladığını və təmir üçün ehtimalən Sevastopola aparlıldığını demişdi.

Kirbi bunu da əlavə etmişdi ki, Pentaqon hələlik kreyserin raketlə vurulduğuna dair xəbərləri təsdiqləyə bilmir. Lakin o demişdi ki, “Moskva” gəmisində bir, amma çox güclü partlayışın olduğu məlumdur.

Pentaqon sözçüsü bunu da bildirmişdi ki, insident baş verən zaman “Moskva” kreyseri onu əhatələyən başqa Rusiya gəmiləri ilə birlikdə Odessa şəhərinin 96 kilometrliyində olub.

Ekspertlər “Moskva” kreyserini – Rusiya hərbi-dəniz donanmasının “ən ciddi” gəmisi adlandırırdılar.

***

Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç “Moskva”da “sürpriz baş verdiyini” söyləyib.

Bu kreyser Rusiyanın Ukraynanın Odessa sahil şəhərinə mümkün desant hücumu planlarının əsas hissəsi hesab olunurdu.

“Moskva” daha öncə Suriya münaqişəsində Rusiya qüvvələrinin Xmeimim hava bazası üçün donanma mühafizəsini təmin edib.

***

Rusiya fevralın 14-də Qara Dəniz donanmasının kreyserində partlayışın baş verdiyini, gəmiyə ciddi ziyan dəydiyini, heyətin təxliyə olunduğunu bildirib. Ukrayna rəsmisi gəminin raketlə vurulduğunu deyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Moskva raket kreyserində yanğın sursatın partlamasına səbəb olub, “Interfax” xəbər agentliyi bildirib.

Nazirlik yanğının səbəbini açıqlamayıb. Amma Qara dəniz sahilindəki Odessa vilayətinin qubernatoru Maksim Marçenko kreyserin Ukrayna istehsalı iki Neptun gəmi əleyhinə qanadlı raketlə vurulduğunu deyib.

“Qara dənizi qoruyan Neptun raketləri çox ağır ziyan törədib”, – o, “Telegram” kanalında yazıb.

Ukrayna müdafiə nazirliyi, hələlik, məsələni şərh etməyib.

Müharibənin əvvəlində “Moskva” gəmisindən strateji İlan adasındakı Ukrayna sərhədçilərinə təslim olmaq çağırış edilmişdi. Amma onlar imtina etmişdilər.

Qeyd edək ki, Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan artıq ikinci böyük gəmisinə ziyan dəyir. Ötən ay Ukrayna Azov dənizində Orsk desant gəmisini dağıtdığını bildirmişdi.

 





15.04.2022    çap et  çap et