Vilayətin qubernatoru Aleksandr Boqomaz hadisəyə görə Ukrayna Silahlı Qüvvələrini ittiham edib.
O özünün “Telegram” kanalında iki evə ziyan dəydiyini yazıb.
Klimovo xəstəxanasının qəbul şöbəsinin nümayəndəsi TASS agentliyinə hücum nəticəsində hamilə qadın və uşaq da daxil olmaqla 7 nəfərin yaralandığını bildirib.
Rusiya İstintaq Komitəsinin məlumatında deyilir ki, zərbələr Ukrayna Silahlı Qüvvələrinin iki döyüş helikopteri tərəfindən endirilib.
Komitənin hadisə ilə bağlı cinayət işi qaldırdığı deyilir. Bu cinayət işi üzrə Ukrayna hərbçiləri “Rusiya Federasiyası rəhbərliyinin xüsusi əməliyyatın dayandırılmasına məcbur edilməsi məqsədi ilə qəsddə” ittiham olunur.
Sosial şəbəkələrdə yayılmış videoda bir neçə evin yandığı görünür, lakin çəkilişin harda, nə vaxt və kim tərəfindən aparıldığı məlum olmur.
Klimova Ukrayna sərhədinin 10 kilometrliyində yerləşir.
***
Aprelin 14-də habelə Belqorod vilayətinin rəhbərliyi Ukrayna tərəfdən Spodaryuşino kəndinin vurulduğunu, lakin heç kimin xəsarət almadığını bildirib.
Elə həmin gün FTX-nin yaydığı xəbərdə deyilir ki, Ukrayna tərəfi Bryansk vilayətindəki “Novıye Yurkoviçi” sərhəd məntəqəsini atəşə tutub.
Ukrayna tərəfi bu xəbərləri şərh etməyib.
Bu yaxınlarda Rusiyanın Müdafiə Nazirliyi Ukraynanı Rusiya ərazisini atəşə tutmaqda ittiham etmişdi.
Nazirlik bildirirdi ki, belə hallar təkrar olunarsa Rusiya Ukraynada, Kiyev də daxil “qərarların qəbul olunduğu mərkəzlərə” zərbə endirə bilər.
Ukrayna prezidentinin xüsusi nümayəndəsi bu hədələrə cavab olaraq bildirib ki, Kiyevin də cavab zərbələri üçün ixtiyarında imkanlar var və Moskva şəhəri bu mənada istisna təşkil etmir.