Bu gün MİDA və DTX güzəştli mənzil satışına müdaxilə ilə bağlı birgə məlumat paylaşıblar. Məlumata ilkin nəzər salmaqla aşağıdakı qənaətə gəlmək olar :
1. MİDA "Güzəştli mənzil" informasiya sisteminə müdaxilə müşahidə edib və bunun araşdırılması üçün DTX-yə özü müraciət edib
2. Əgər MİDA özü müraciət edibsə demək, ”Güzəştli mənzil” informasiya sisteminə ciddi müdaxilədən, qeyri-qanuni müdaxilədən söhbət gedir.
Yəni, burada adi botlardan deyil, “Güzəştli mənzil” sisteminin ilkin kodlarını sındırmaqla və ya hansısa daha “ağıllı” üsullarla sistemə müdaxilədən söhbət gedir.
Sonuncu satışda narazı qalanların çoxunun proqramçılar olması onu deməyə əsas verirdi ki, MİDA tətbiq etdiyi ənənəvi təhlükəsizlikdən əlavə DEMO versiya ilə əsas versiyanın ilkin proqram kodlarını da dəyişib.
Sistemin proqram təminatının ilkin kodları dəyişdirildikdən sonra sistemdən adi botlarla istifadə mümkünsüz olduğundan, paylaşılan məlumatda "sistemə daxil olmaqdan və kompüter məlumatlarını dəyişməkdən" söhbət getdiyindən, düşünmək olar ki, sistemə daha peşəkar üsullarla qeyri-qanuni müdaxilə olub.
3. Əgər MİDA “Güzəştli mənzil” sisteminin DEMO versiyası ilə əsas versiyanın ilkin kodlarını satışdan bir gün öncə dəyişdirməyibsə, yəni öncədən adi bot yazanlar üçün də münbit şərait yaradıbsa, onda düşünürəm ki, burada həm də MİDA-nın məsuliyyəti var.
MİDA-nın araşdırma üçün özünün DTX-yə müraciət etməsi isə bunun elə də inandırıcı olmamasını göstərir
4. Sonuncu güzəştli mənzil satışının nəticələri ləğv oluna bilərmi? Düşünürəm ki, bu DTX və MİDA-nın birgə araşdırmasının yekununda bəlli ola bilər. Yəni müəyyən olunsa ki, baş verənlər nəticələrə təsir edib, onda nəticələrin ləğvinin gündəmə gətirilməsi doğru olardı.
5. Baş verənlər onu göstərir ki, MİDA bir daha sisteminin İT auditini təşkil etməli, təhlükəsizliyini gücləndirməli, daha müasir texnologiyalardan istifadə etməli, peşəkar mütəxəssisləri cəlb etməlidir
6. Baş verənlər həm də bir daha onu göstərir ki, güzəştli mənzil satışı sistemi ciddi olaraq yenilənməlidir.
Bununla bağlı əvvəllər verdiyimiz təklifləri bir daha diqqətə çatdırıram:
- onlayn satış prosesi insan amili olmadan reallaşan şəffaf, korrupsiya riski az olan sistem olmasına baxmayaraq görsənir ki, burada İT bacarıqlarla bağlı öncədən bəlli olan ədalətsizlik var və bu baxımdan hökumət əlavə, alternativ güzəştli mənzil satışı üsulu təklif etməlidir;
- satışdan sonra, MİDA bəzi məqamları (fərdi məlumatlarla bağlı hissələri) çıxmaq şərtilə onlayn satış prosesini əks etdirən bütün “log” faylları mütləq açıqlamalıdır;
- ən tez və ən gec satılan mənzillərlə bağlı “log” faylları ayrıca qeyd etmək vacibdir;
- sistemin dayanıqlığı və təhlükəsizliyi ilə bağlı güvənli qurumların açıqlamaları verilməlidir;
- süni seçimlərin, robot seçimlərin, qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün müntəzəm yeniliklər edilməlidir;
- onlayn satış prosesi sosial mediada və TV-də canlı yayımlanmalıdır və s.