Özü dünyada ən böyük buğda becərənlərdən olan Qazaxıstan daxili istifadə və digər ölkələrə təkrar satmaq üçün Rusiyadan nisbətən ucuz buğda da idxal edir. Amma Rusiya da Avrasiya İqtisadi İttifaqı üzvləri Qazaxıstan, Qırğızıstan, Belarus və Ermənistana buğda ixracını martda müvəqqəti dayandırıb.
***
Aprelin 15-dən Qazaxıstan buğda və un ixracını üç ay müddətinə uyğun olaraq 1 milyon və 300 min tona salacağını bildirib. Qadağanın sonra uzadılacağı bəlli deyil.
Ukraynaya səbəbsiz təcavüzünə görə Qərbin sərt sanksiyaları ilə üzləşmiş Rusiya isə iyunun 30-dək buğda, çovdar, arpa və qarğıdalı ixracını dayandırdığını bildirib, bunu daxili ərzaq bazarını qorumaqla izah edib.
Moskvanın qərarı Qazaxıstanın vergisiz əldə etdiyi kənd təsərrüfatı məhsullarına çıxışı müvəqqəti itirməsi deməkdir. Qərardan 2-3 həftə sonra ölkənin un dəyirmanları təchizatın tükəndiyini bildiriblər. Qazaxıstan Taxıl Emalçıları Birliyi hökuməti ixracı dayandırmağa çağırıb. Bundan sonra ölkənin Kənd Təsərrüfatı Nazirliyi ixracı məhdudlaşdırıb.
Ukraynadakı müharibə dünyada buğdanı və digər ərzaq məhsullarını rekord həddə bahalandırıb. Ukrayna özü də böyük buğda və qarğıdalı istehsalçısıdır.
***
Tacikistan hər il Qazaxıstandan 1 milyona tona yaxın buğda alır, bu da Düşənbənin taxıl idxalının 94 faizi deməkdir. Qazaxıstan qadağanı iyundan sonra da uzatsa, Orta Asiyanın ən yoxsul ölkəsi olan Tacikistan kəskin ərzaq qıtlığı ilə üzləşəcək.
Hökumət ərzağın bahalanması önləmək üçün plan üzərində işlədiyini desə də, detalları bəlli deyil. Prezident İmaməli Rəhman aprelin 1-də əhalini ərzaq yığmağa çağırıb. O, Ukrayna müharibəsinə toxunmayıb, amma deyib ki, “bəşəriyyət özəlliklə ərzaq təhlükəsizliyi baxımından aşırı çətin il yaşayır”.
Rahmon tacikləri yaxşı məhsul əldə etməkdən ötrü çox işləməyə, “iki illik ərzaq” yığmağa çağırıb. O, koronavirus pandemiyası vaxtı da oxşar çağırışlar etmişdi.
***
Orta Asiyanın əhalisinə görə ən böyük ölkəsi Özbəkistan isə Qazaxıstandan ən çox buğda alan ölkədir. 34 milyon əhalisi olan bu ölkənin istehlak etdiyi buğdanın 35 faizə qədəri Qazaxıstandan gəlir.
Daşkənd ərzaq təhlükəsizliyini təmin etmək üçün əsasən Qazaxıstandan olmaqla 600 min ton buğda almağı planlaşdırırdı. Bunun 100 min tonu aprel-iyul aylarında alınmalıdır.
Özbəkistanın özünün buğda istehsalının iyunun 30-da bitən 2021-22-ci illər ticarət ilində azalacağı gözlənir. Ötən il 6.2 milyon ton olan istehsal bu il 5.5 milyon tona yaxın olmalıdır.
Türkmənistan isə 2020-ci ildə 15.1 milyon dollarlıq buğda idxal edib, bunun 12 milyon dollarlıq hissəsi Qazaxıstandan alınıb.
2021-ci ilin oktyabrında Aşqabada səfər edən Prezident Qasım-Comərd Tokayev Türkmənistana əsasən buğda və un təchizatını “qarşılıqlı faydalı şərtlər” əsasında artırmağı vəd edib.
***
Qırğızıstan isə buğdanın 40 faizə yaxınını Qazaxıstandan idxal edir. Bişkekin əsas təchizatçısı Rusiyadır.
“Qazaxıstandan dənli bitki alışını azaltmışıq, çünki Rusiyadan 30 faiz bahadır”, – Qırğızıstan Taxıl İstehsalçıları Birliyinin başçısı Rüstəm Cunuşev radioya deyib.
Moskvanın ixrac qadağasına baxmayaraq, Qırğızıstan bir neçə günə Rusiyadan 450 min ton buğda alacağına ümid edir.
Azərbaycan da buğdanı daha çox Rusiyadan idxal edir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycan ötən il Rusiyadan 1 milyon tona yaxın buğda gətirib. Bu idxalın dəyəri 315 milyon dollardır. Rusiyanın 2021-ci ildə ən çox buğda satdığı ölkələr arasında Azərbaycan üçüncü yerdədir. Bütün satışın 4 faizi Azərbaycanın payına düşür. İlk iki yerdə isə Türkiyə (24.81 faiz) və Misir (21.30 faiz) durur.