Öz “İnstagram” səhifəsində yaydığı məlumata görə, Adil Çobani şəxsiyyət vəsiqəsini İranın vətəndaşlıq qeydiyyatı idarəsindən yanvarın 20-də alıb. Lakin sənədin üzərində “Atakan” deyil, “Ataxan” yazılıb.
Adil Çobani qeydiyyat idarəsinin türk adına şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsi ilə əlaqədar daha əvvəl “İnstagram” səhifəsində yazmışdı ki, “həzrəti peyğəmbər buyurub ki, övladın valideyni üzərindəki haqlarından biri onun üçün yaxşı və gözəl bir ad seçməkdir. Ölkə məsullarının sayəsində bu haqq bizdən alınıb. Oğlum Atakan təqribən 4 yaşında. Amma adının türkcə olduğu üçün qeydiyyat idarəsi ona şəxsiyyət vəsiqəsi verməkdən imtina edir.”
Güney Azərbaycanda və Tehranda aylar və hətta illərdir uşaqlarına seçdikləri türk adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən bir çox ailə səsini sosial media vasitəsilə eşitdirməyə çalışır.
2001-ci ildə İranda nəşr edilən “Türk İnsan Adları” sözlüyünün müəllifi Fərhad Cavadi daha əvvəl müsahibələrinin birində 1990-cı illərdə vəziyyətin daha da ağır olduğunu ifadə etmişdi.
“Uşağına, dükanına ya şirkətinə türk adı almaq istəyənlərə deyirəm ki, adla bağlı önləyici bir qanun yazılmayıb. Ancaq bunlara (dövlət qurumlarına) tapşırırlar, bir cür edin ki, türk adı qoyulmasın. Elə bir şərait yaradırlar ki, adam neçə gün gedir, gəlir və sonra yorulub imtina edir. Deyir ki, nə ad olursa olsun”, Cavadi həmin müsahibədə söyləyib.