Vaxt.Az

14 ili üstələyən statistika


 

2023-də ÜDM-in məbləği 3 rəqəmli ola bilər

14 ili üstələyən statistika 2008-ci ildən bəri 14 illik statistikanı üstələyən bir iqtisadi il yaşayırıq. Bu illər ərzində heç bir ilin birinci rübü üzrə iqtisadi 6,8 faiz artım olmayıb, yalnız 2008-ci ildə Ümumi Daxili Məhsul (ÜDM) 13,8 faiz artıb. Səbəbləri incələmək üçün həm 2008, həm də 2022-ci illərdə neft qiymətlərinə baxmaq yetər.

2008-ci il Azərbaycan tarixinin ən bahalı neftini satıb (təxminən 150 dollar). Elə 2022-də də neft büdcə göstəricilərilə müqayisədə 120-140 faizədək baha satılır. Odur ki, ÜDM-in hazırkı artım tempinin 2008-lə müqayisə predmetinə çevrilməsi neft qiymətlərilə çox bağlıdır. Düzdür, qeyri-neft sektorunun artımı qənaətbəxşdir - 10,3 faiz, amma bu artım büdcə üzrə proqnoz edilən 50 dollar neft qiymətləri şəraitində ÜDM-i indiki qədər artıra bilməz.

Eyni zaman da nəzərə alaq ki, sonda alınan illik göstərici  başlanğıcda olan rüblük göstəricidən çox fərqlənə bilər. Biz bunu ötən il gördük. 2021-ci ilin I rübündən ÜDM artımı 0 faiz belə deyildi, ÜDM artmaq əvəzinə -1,3 faiz  azalmışdı. Amma ilin  (2021) sonunda biz  ÜDM-in 5,6 faiz artığını gördük. Bu kifayət qədər əla göstərici idi. Qeyri neft-qaz sektorunda yaradılmış əlavə dəyərin artımı da məmnunedici idi - 7,2 faiz.

Əgər bazarda karbohidrogen ehtiyatları bolluğu yaranmasa, bu il həm neft, həm də qeyri-neft sektorunda daha böyük artım gözləmək olar. Çünki, Azərbaycanda qeyri-neft sektorunda yaradılmış dəyərin özündə də neft amilinin ciddi rolu var. Odur ki, bu ildə neft qiymətləri ölkə iqtisadiyyatı üçün öz əhəmiyyətini saxlayacaq.  Proseslər qlobal iqtisadi anlamda mənfi istiqamətdə dəyişməsə 2022-ci ilin yekununda Azərbaycanda 3,5-4,0 faiz civarında ÜDM-in artması mümkündür. Bu isə  təxminən 96,4 milyard manatlıq (+,-0,4) ÜDM istehsalı deməkdir. 2023-cü ildə isə ÜDM-in məbləğini 3 rəqəmli ədədlə ifadə edilməsi mümkün görünür.  Başqa sözlə, psixoloji hədd olan 100 milyardlıq dəyəri aşaraq 101-102 milyard manatlıq ÜDM haqqında danışa biləcəyik. Təbii ki, söhbət neft qiymətlərinin 75 dolların altına enməyəcəyi haldan gedir.

 





17.04.2022    çap et  çap et