Təbii ki, Putinin, döyüşlərin ilk günlərində hərbi rəhbərliyi yanına çağırıb, 1-nömrəli vəziyyətə hazır olun, tapşırığını verməsi və bunun ölkə telekanallarında bəyan edilməsi nüvə silahının işlədiləməsinə hazırlıq kimi qəbul edilə bilər.
Bu halda belə qitələrarası nüvə raketlərindən söhbət gedə bilməz, çünki buna ehtiyac yoxdur. Həm də bunun dünya nüvə müharibəsinə gətirib çıxma təhlükəsi var.
Taktiki nüvə başlıqlı raketlərinin atılması (0,4 kiloton) mümkün görünə bilər. Bu raketlərin dağıdıcı təsir radiusu təxminən 2 km-dir. Amma radiasiya yayımı 15 km-dən az deyil. Həmçinin küləyin hansı səmtə əsdiyini nəzərə alsaq, radiasiya buludların tək Avropa istiqamətinə deyil, Rusiya və Belarus səmasına da daxil ola bilməsini qəbul etməliyik. Deməli rus ordusu, Ukrayna qüvvələrini atəşə tutmaq üçün cəbhə xəttindən ən azı 20 km geriyə çəkilməlidir. Zərbədən sonra isə, yalnız məxsusi radiasiya əleyhinə olan geyimlər və örtüklər istifadə etməklə döyüş maşınları (piyada qətiyyən olmaz) ən son sürətlə radiasiya zonasını keçməli, daha sonra isə döyüş tapşırığını yerinə yetirməlidir. Çünki hər bir halda arxada olan Ukrayna hərbiçilərindən də salamat qalanlar olacaq, onlarla da döyüş aparılmalıdır. Belə ssenari həyata keçiriləcəyi anda, Ukrayna kəşfiyyatı təbii ki, bundan vaxtında xəbər tutacaq, çünki rus qoşunlarının bu boyda yer dəyişməsi nəzərdən qaça bilməz. Deməli Ukrayna qüvvələri də lazımı tədbirlərini alıb düşməni anındaca izləyəcəklər və buda ruslara bu raketi atmağa əngəl olacaq. Deyə bilərsiniz ki, Putinin vecinə deyil, hər iki tərəf ziyan görsə də atacaq. Bəs onda irəli kim gedib ölkəni işğal edəcək? Həm də belə cinayətkar əmri ordu komandanlığı yerinə yetirərmi?
Digər tərəfdən ABŞ və Böyük Britaniya, nəinki nüvə, hətta kimyəvi silahdan istifadəni artıq qırmızı xəttin keçilməsi olaraq qəbul edəcəklərini, anındaca adekvat cavab tədbiri görəcəklərini tam qəti olaraq bəyan ediblər. Düşüncəmə görə bütün bu ciddi arqumentlərdən sonra Putin atom silahından istifadəyə cürət etməz. Bu yalnız onun sonunu tezləşdirə bilər.