Vaxt.Az

Dinc sakinlər edamsayağı qətlə yetirilib


 

Putin soyqırımında ittiham olunan birliyə “qvardiya” adı verdi

Dinc sakinlər edamsayağı qətlə yetirilib Rusiya prezidenti Vladimir Putin Ukraynanın Buça şəhərində müharibə cinayətləri törətməkdə ittiham olunan briqadaya “qvardiya” fəxri titulu verib.

Onun aprelin 18-də imzaladığı fərmanda deyilir ki, 64-cü motoatıcı briqadaya “vətənin və dövlətin maraqlarının” müdafiəsinə, döyüşçülərinin “kütləvi qəhrəmanlıq və igidliyinə” görə qvardiya fəxri adı verilir.

Ukrayna Müdafiə Nazirliyi bildirir ki, bu hərbi birləşmə paytaxt Kiyevin yaxınlığındakı Buça şəhərində müharibə cinayətləri törədib.

Nazirliyin bəyanatında deyilir ki, bu qətliamda iştirak edənlərin məhkəmə qarşısına gətirilməsi üçün bütün beynəlxalq imkanlardan istifadə olunacaq.

Buça şəhərində öldürülən yüzlərlə sakinin bir qismi qolları arxalarında bağlı vəziyyətdə edamsayağı qətlə yetirilib.

Rusiya hakimiyyəti isə həmişə olduğu kimi Ukraynada dinc sakinləri öldürdüyünü israrla inkar edir.

Moskva iddia edir ki, Ukrayna Buçada baş verənləri özü “səhnələşdirib”.

***

Rusiya ötən gecə qüvvələrinin Ukrayna hərbi avadanlığı və əsgərlərinin olduğu 100-dən çox hədəfi atəşə tutduğunu bildirib

Hərbi ekspertlərin fikrincə, Rusiyanın Ukrayna boyunca silah zavodları, dəmiryolları və digər infrastruktur hədəflərinə zərbələri gücləndirməsində məqsəd Donbasa böyük quru hücumuna qarşı Kiyevin müqavimətini zəiflətməkdir.

 





19.04.2022    çap et  çap et