Vaxt.Az

19 terrorçu öldürülüb


 

TSQ bir şəhid verib, bir neçə nəfər yaralanıb

19 terrorçu öldürülüb Türkiyə Müdafiə Nazirliyinin bazar ertəsi bildirdiyinə görə, Türkiyə Silahlı Qüvvələri (TSQ) təyyarələr, vertolyotlar və dronlardan istifadə edərək, kürd üsyançılarının İraqın şimalındakı mövqelərinə qarşı hərbi əməliyyat keçirib.

Hərbi qüvvələrin bildirdiyinə görə, “Pəncə-kilid” adlandırılan əməliyyatın hədəfləri arasında Metina, Zap və Avaşin-Basyan bölgələrindəki düşərgələr və silah-sursat anbarları olub.

Kürd üsyançıları İraqın şimalından Türkiyəyə hücumlara başlayıb və Ankara onların Türkiyədə növbəti hücum planlaşdırdığını bəyan edib.

“Associated Press” xəbər agentliyinin məlumatına görə, əməliyyat zamanı 19 kürd terrorçusu öldürülüb. TSQ-dən 1 hərbçi şəhid olub, bir neçə nəfər yaralanıb.

“Əməliyyatımız planlaşdırıldığı kimi uğurla davam edir”, dövlətə məxsus Anadolu xəbər agentliyi müdafiə naziri Hulusi Akara istinadən xəbər verib. “Birinci mərhələdə müəyyən edilmiş hədəflər ələ keçirilib”, Hulusi Akar deyib.

Türkiyə Silahlı Qüvvələri terror təşkilatları olan Kürdüstan Fəhlə Partiyası (PKK) və Suriya kürdlərinin Xalq Müdafiə Birlikləri (YPG) qruplaşmalarına qarşı dəfələrlə hərbi əməliyyatlar keçirib.

Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən terrorçu qrup kimi tanınan PKK 1984-cü ildən fəaliyyət göstərir. Təşkilatın Türkiyənin cənub-şərqində və İraqın şimalında bazaları var.

 





19.04.2022    çap et  çap et