Bu barədə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunun “Twitter” hesabında bildirilib.
“Dövlət katibinin köməkçisi Donfrid Birləşmiş Ştatların prosesə ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şoferi regiona göndərib”, – deyə məlumatda qeyd edilir.
Endryu Şofer aprelin 18-də İrəvanda Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanla danışıqlar aparıb. Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi məlumatda görüş zamanı Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh müqaviləsi üzrə danışıqların başlanması ilə bağlı fikir mübadiləsi aparıldığı, erməni hərbi əsirlərin vətənə qaytarılması və erməni mədəni irsinin qorunması məsələlərinin müzakirə edildiyi bildirilib.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays aprelin 14-də keçirilən brifinqdə Azərbaycan üzərindən “Azadlığa Dəstək Aktı”nın nə vaxt götürüləcəyi ilə bağlı sualın cavabında bildirib. “Biz Cənubi Qafqaz regionu üçün dinc, demokratik və firavan gələcəyin təşviqinə sadiq qalırıq”.
Prays deyib ki, ABŞ aprelin 6-da Brüsseldə Ermənistan və Azərbaycan rəhbərləri arasında görüşü, o cümlədən sülh danışıqlarına hazırlığın müsbət dinamikası və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın formalaşdırılmasını alqışlayıb.
“Dövlət katibinin bir gün əvvəl, aprelin 5-də iki liderlə telefon danışıqlar zamanı vurğuladığı kimi, biz Ermənistan və Azərbaycan arasında gələcək sülh danışıqlarının təşviqinə davam edirik. Dövlət katibi bir daha təsdiqləyib ki, ABŞ uzunmüddətli hərtərəfli sülhə nail olmaq üçün ikitərəfli qaydada və həmfikir tərəfdaşlarla, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi əməkdaşlıq etməyə hazırdır”, Ned Prays qeyd edib.
Dövlət Departamentinin sözçüsü Moskvanın Ukraynadakı əməllərinin Rusiyanın Azərbaycan və Ermənistan arasında sülhməramlı səylərdə iştirakını diskvalifikasiya edib-etmədiyinə dair suallara cavab olaraq “Rusiyanın bu işdə oynaya biləcəyi roldan danışa bilmərəm. Mən deyə bilərəm ki, biz Ermənistan və Azərbaycanı yenidən ikitərəfli və ya həmfikir tərəfdaşlarla, o cümlədən ATƏT mexanizmi vasitəsilə danışıqlara cəlb etməyə hazırıq”, deyib.