Almaniya İşəgötürənlər Assosiasiyaları Konfederasiyasının (BDA) sədri Rayner Dalger və Almaniya Həmkarlar İttifaqları Konfederasiyasının (DGB) sədri Reyner Hofman aprelin 18-də birgə bəyanat yayıblar. Bu arada Avropa İttifaqı liderləri Ukraynanın işğalına görə Rusiyaya qarşı yeni enerji sanksiyalarını müzakirə edirlər.
***
“Sürətli qaz embarqosu istehsal itkisinə, sönmələrə, əlavə deindustrializasiyaya, Almaniyada uzunmüddətli iş mövqeləri itkisinə səbəb olar”, – Dalger və Hofman bildirir. Xəbəri “dpa” yayıb.
Ukrayna liderləri Rusiyadan təbii qaz idxalına embarqo tələb edirlər. Onlar deyirlər ki, Avropa ölkələrinin Rusiya nefti və qazına xərclədiyi pul Moskvanın Ukraynaya qarşı müharibəni maliyyələşdirməsinə gedir. Bu ayın əvvəlində Avropa avqustdan Rusiya kömürünün idxalını yasaqlayıb.
Dalger və Hofmanın sözlərinə görə, hazırkı embarqo müzakirələrində sanksiyaların hədəfli olmasına, iqtisadiyyatlara təsirinin önlənməsinə yetərincə diqqət ayrılmır.
Onlar mövcud təkliflərin Almaniya iqtisadiyyatına, işsizlik səviyyəsinə Rusiyadan daha çox təsir göstərəcəyini vurğulayırlar. Bəyanatda deyilir ki, Ukraynaya kömək etməyin yolu Almaniyanın sabit iqtisadiyyatının və əmək bazarının olmasını təmin etməkdir.
***
Aİ-nin icra komissiyası ilin sonunadək Rusiya qazının istehlakını üçdə iki qədər azaltmaq tədbirlərini hazırlayıb. Norveç və Azərbaycandan daha çox qaz alışı, daha çox mayeləşdirilmiş qaz idxalı, külək və günəş enerjisi layihələrini sürətləndirmək, ehtiyat yığmaq tədbirlərini intensivləşdirmək planlaşdırılır.
Aİ-nin 27 üzvü təbii qazın 40 faizə qədərini və neftin 25 faizini Rusiyadan alır. Enerji təhlilçiləri təbii qazsız keçinməyin daha çətin olduğunu deyirlər, çünki onun böyük hissəsi kəmərlə Rusiyadan gəlir. Gəmiylə çatdırılan mayeləşdirilmiş qaz isə məhduddur, dünyada ona tələbat böyükdür.
Rusiya neft- qazının ən böyük idxalçısı olan Almaniya idxalın dərhal dayandırılmasına qarşı çıxır, amma ilin sonunadək Rusiya neftindən, 2024-cü ilin ortasınadək Rusiya qazından istifadəni tədricən azaltmağı planlaşdırır.