Vaxt.Az

Moskva görüşü ...


 

Putin Paşinyanın başına hansı oyunu aça bilər?

Moskva görüşü ... Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moskvada Rusiya rəhbəri Vladimir Putinlə görüşəcək. Görüşdə müharibədən sonra imzalanan bəyanatlarda razılaşdırılan məsələlərin icra vəziyyəti və Brüssel görüşünün nəticələri müzakirə olunacaq.

Qərbin Minsk Qrupunda Rusiya ilə əməkdaşlıqdan imtina etməsivə Avropa İttifaqının tərəfsiz vasitəçiliyi ilə Moskva oyundan kənar vəziyyətə düşüb. Bu görüşdə Putinin əsas məqsədi Ermənistanı ənənəvi formata qaytarmaqdan ibarətdir. O, ya status-kvonun qalması üçün Paşinyana maksimum dəstək (hərbi, siyasi və s.) vəd edəcək, paralel olaraq separatçıları və erməni müxalifətini küçələrə töküb Qərbin vasitəçiliyi ilə davam edən normallaşma prosesini dayandıracaq.

Yaxud, nizamlanma prosesinin özünün patronajlığı altında həyata keçirilməsi üçün kommunikasiyalar və sərhədlərin dəqiqləşdirilməsi ilə bağlı əməli addımlar atmağa məcbur olacaq.

Birinci variant Rusiyanın hazırkİ diplomatik-siyasi xəttinə daha çox uyğun gəlir, çünki əlindəki alətlər çoxdur (sülhməramlılar, erməni separatçıları və erməni müxalifəti).

Paşinyan üçün çox çətin durumdur, onun mövqeyi erməni cəmiyyətinin çoxluğunun rəyi ilə üst-üstə düşür: münaqişə nizamlanmalı, sərhədlər açılmalı, Türkiyə ilə əlaqələr bərpa olunmalıdır. Qarabağ ermənilərinin taleyi isə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməlidir.

Paşinyan Rusiya üçün kilid fiqura çevrilib, həm də zəif bənddir. Ona görə də hazırki aqressiv Rusiyadan ona qarşı istənilən təxribatı mümkün saymaq olar.

Azərbaycana gəlincə, Rusiya hazırda Bakıya ciddi təzyiq edə bilmir, Cənubi Qafqazda Türkiyə faktoru, Rusiyanın qardaş ölkədən asılılığı Kremlin təzyiq rıçaqlarını bir xeyli dərəcə neytrallaşdırır. Ona görə Putin İlham Əliyevi Moskvaya dəvət etməyi lazım bilmir, bəlkə də belə bir dəvət olub və qəbul edilməyib. Qarşıdakı həftələrdə Moskvanın Azərbaycana “yumşaq güc”lə, habelə Qarabağda müxtəlif təxribatlarla təzyiqlərinin şahidi ola bilərik. Hiss olunur ki, münasibətlər xeyli gərgindir və bu gərginliyin açıq müstəviyə çıxmasına elə də çox qalmayıb...

 





19.04.2022    çap et  çap et