Bu sözləri «Azərros»un Ağsaqqallar Şurasının sədri, Azərbaycan baş nazirinin keçmiş birinci müavin Abbas Abbasov deyib. «Azərros»un saytında yerləşdirilən açıqlamada daha sonra deyilir: «Ukraynadakı gərginliyi qızışdıran Qərb siyasətçiləri Rusiyanın baş verənlərə bu cür reaksiya verəcəyini, bütün gücü ilə öz maraqlarını müdafiə edəcəyini gözləmirdilər. Rusiya prezidenti Vladimir Putinin mövqeyi aydın və bizim hamımıza yaxındır. Həmvətənlərini, qardaş Ukrayna xalqını millətçilərin basqısından və özbaşınalığından müdafiə Edən Rusiyanı heç bir qüvvə dayandıra bilməz.
BMT Təhlükəsizlik Şurasının toplantısında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin Ukrayna prezidenti Viktor Yanukoviçin Rusiya dövlət başçısına silahlı qüvvələrlə yardım üçün müraciətini səsləndirdi. Bundan başqa Krımın yeni baş naziri Sergey Aksenov Ukraynada millətçiliyin cövlan etməsindən narahatlığını ifadə edərək Rusiya prezidentinə Muxtar Respublika ərazisində sabitliyi təmin etməsi xahişi ilə müraciət edib. Hadisələr o qədər sürtələ inkişaf edir ki, artıq martın 16-da Krım Muxtar Respublikası öz müqəddəratı ilə bağlı referendum keçirməyi qərara alıb.
Bununla belə, Rusiya prezidenti Ukraynanın ərazi bütövlüyünün qorunmasının, ölkənin şərq və qərb regionlarına parçalanmamasının tərəfdarı olduğunu bildirib. Suveren dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı prinsipini üstün tutduğum üçün Vladimir Putinin bu mövqeyini dəstəkləyirəm.
Dünya ölkələrinin ən populyar və nüfuzlu başçılarından biri olan Rusiya dövlətinin başçısı bu cəsur və prinsipial addımı ilə siyasətçi müdrikliyi nümayiş etdirdi, vətəninin və xalqının maraqlarına nə qədər sadiq olduğunu nümayiş etdirdi.
Ukraynanın «yeni hökuməti» ölkəni növbəti dəfə siyasi və iqtisadi böhrana sürükləyir. Ölkə Maydanın təşkilatçılarının günahı üzündən uçurumun kənarına gəlib. Əgər Konstitusion sabitlik yaradılmasa, vətəndaşların təhlükəsizliklərinə təminat verilməsə nə ABŞ, nə də Avropa Birliyinin göstərəcəyi yardım Ukraynada vəziyyəti yaxşılığa doğru dəyişməyəcək.
Mən bir çox kütləvi informasiya vasitələrində Ukrayna hadisələrinin bir sıra ölkələrdə, o cümlədən Azərbaycanda təkrarlanacağı haqda yazılanları da hiddətlə qarşılayıram. Bu proqnozların heç bir əsası yoxdur. Mən əminəm ki, Azərbaycanda Ukrayna ssenarisi bir neçə səbəbdən baş verə bilməz. Azərbaycan son illər təkcə beynəlxalq məkanda deyil, ölkə içərisində də bütün sahələr üzrə mövqelərini möhkəmləndirir. Böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, Azərbaycanla Rusiya arasında çox korrekt və qarşılıqlı hörmətə dayanan münasibətlər qurulub.
Rusiya ilə Azərbaycan arasında rasional uzaqgörən siyasət regionda sabitliyin təminatıdır».