Rusiya Müdafiə Nazirliyi bildirir ki, “sırf humanitar prinsiplərə əsaslanan Rusiya silahlı qüvvələri millətçi batalyonlardan olan döyüşçülərə və əcnəbi muzdlulara aprelin 20-də Moskva vaxtıyla 14:00-dək döyüş əməliyyatlarını dayandırmağı, silahı yerə qoymağı təklif edir”.
***
Ukrayna ordusunun aprelin 20-də səhər yaydığı məlumata görə, Rusiya qüvvələri Azovstal polad zavoduna hücumu davam etdirir. Zavodda Ukrayna əsgərləri və dinc şəxslərin olduğu deyilir.
Azovstal-da ukraynalı komandir kömək istəyib, dəniz piyadalarının “son günlərini, bəlkə də saatlarını yaşadığını” deyib.
“Hərəmizə 10 düşmən əsgəri düşür”, – 36-cı dəniz piyadaları briqadasından Sergey Volina deyib.
Mariupolun tam tutulması Rusiya üçün 2014-cü ildə ilhaq etdiyi Krımla Ukraynanın şərqində separatçıların nəzarətində olan ərazilər arasında quru əlaqəsi deməkdir.
Ukrayna ordusu son 24 saat ərzində Donetsk və Luqanskda Rusiya qüvvələrinin 10 hücumunu dəf etdiyini bildirir.
***
Kiyevlə Moskva martın 29-dan üzbəüz danışıq aparmayıblar. Tərəflər bir-birini danışıqların alınmamasına görə ittiham edir.
“Danışıqların növbəti üzbəüz raundunun nə vaxt keçiriləcəyini demək çətindir, çünki rusiyalılar ‘xüsusi əməliyyatın ikinci mərhələsi’ndən ciddi şəkildə danışırlar”, – Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak deyib.
Aprelin 19-da ABŞ Prezidenti Co Baydenin bir sıra ölkələrin liderləri ilə videokonfransından sonra Ukraynaya daha çox hərbi yardım barədə razılığa gəlinib. Bayden ABŞ-ın Ukraynaya artilleriya göndərəcəyini deyib.
Fevralın 24-də Ukraynanı işğal etməyə başlayan Rusiya Kiyevi, digər iri və strateji şəhərləri tuta bilməyib. Hazırda Moskva məqsədinin Donetsk və Luqansk vilayətlərinin tam tutulması olduğunu deyir. Rusiya 2014-cü ildən Ukraynanın şərqindəki separatçıları dəstəkləyir.