R.Aslanova müsahibəsində Ombudsmanın parlamentə təqdim etdiyi illik hesabatdan tutmuş, «İsmayıllı işi» məhkəməsinə, Prezident Administrasiyasında şöbə müdiri işləyən oğlu Elnur Aslanovun da adı hallanan nurçuluq məsələlərinə qədər bir çox məqamlara münasibət bildirib.
Vaxt.az toxunulan məsələlərin maraq doğuracağını nəzərə alaraq həmin müsahibəni öz oxucularına təqdim edir:
- Rəbiyyət xanım, belə müşahidələr var ki, ombudsman Elmira Süleymanovanın hesabatı sanki siyasi hakimiyyətin iradəsinə hesablanmışdı. Siz necə düşünürsünüz?
- Yox, mən o cür deməzdim. Ona görə ki, Elmira xanımın illik hesabatlarını müqayisə etsəniz onların məzmununda və mahiyyətində nə qədər böyük dəyişikliklərin olduğunu görə bilərsiniz. İlk hesabatla sonuncu hesabatın müqayisəsində görərsiniz ki, görülən işlərin miqyası, hadisələrə təsir etmək imkanı nə qədər genişlənir. Bu gün Elmira xanımın rəhbərlik etdiyi qurumun içərində çox böyük islahatlar gedib. Azərbaycanda elə bir sahə yoxdur ki, Ombudsman öz fəaliyyəti ilə ora nüfuz etməsin. Bu baxımdan Elmira xanım hesabatı ilə bizi dialoqa səsləyir. Yəni Azərbaycanda insan hüquqlarının təmin olunması haqqında bu işlər görülüb və ya görüləcək. Burada Elmira xanım həm nöqsanları söyləyir, həm perspektivdə olacaq işlərdən danışır, həm də artıq gerçəkləşmiş layihələri ortaya qoyur. Bu baxımdan onun millət vəkilləri qarşısında hesabat verməsi çox təqdirəlayiq haldır. Elmira xanımın rəhbərlik etdiyi Ombudsman təsisatı bütün problemləri həll etmək iqtidarında deyil. Bu təsisat xalqla rəhbərlik arasında vasitəçi rolunu oynayan qurumdur. Bilmək lazımdır ki, məhkəmə orqanı, icra strukturu deyil.
- Siz Ombudsman olsaydınız - bir ara bu posta sizin namizədliyiniz də hallandırılırdı - hesabatda yeni nələri əlavə edərdiniz?
- Əvvəla, mən hesab edirəm ki, Elmira xanım öz yerində olan xanımdır. Böyük təcrübə sahibi olan Elmira xanıma bundan sonra mən öz yerində uğurlar arzulayıram. Mən Ombudsman olmaq fikrində deyiləm. Mənim öz yerimdə də kifayət qədər işim var və mövqeyimdən də razıyam. Ancaq mən bir şeyi bilirəm ki, Elmira xanım hər şeyi edib. Siz onun fəaliyyətini milli məkan çərçivəsindən qiymətləndirməyin. Elmira xanımın ayrı-ayrı beynəlxalq təşkilatlarda Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə əlaqədar verdiyi hesabatlar var...
- Amma bu gün ölkədə siyasi insanlarla bağlı qalmaqallı, sifarişli məhkəmələr gedir. Yaxud «Sovetski»də vətəndaş-polis qarşıdurmaları olur. Ombudsman belə ekstremal situasiyalarda da arbitr rolunu oynamalı, hadisə yerində olmalıdır axı. Ancaq gözlənilən bu fəaliyyəti görə bilmirik?
- Mən bayaq dedim ki, Elmira xanım məhkəmə deyil və heç kəsin məhkəmənin işinə, hakimin qərarına müdaxilə etməyə ixtiyarı yoxdur.
- Siz İnsan hüquqları komitəsinin sədri kimi İsmayıllı işi ilə bağlı prosesdə, NİDA-çı gənclərin, yaxud Əli İnsanovun məhkəməsində iştirak edib prosesi müşahidə edə bilməzdinizmi?
- Yox, mənim belə bir fikrim olmayıb. Mən inanıram və dəqiq bilirəm ki, həmin məhkəmələrin gedişində məsələlərə kifayət qədər məsuliyyətlə yanaşılır. Mənim orda olmağım nəyi dəyişəcəkdi? O zaman orda olardım ki, mənim məhkəməyə bir şübhəm yaransın, istintaq, ya məhkəmənin qeyri-obyektivliyi haqqında fikirlərim olsun. Amma mən qəti əminəm ki, Azərbaycanda məhkəmə hüquq mühafizə orqanlarındakı işlərin hər birinə qanuni yanaşır. Həmişə məhkəmədə kimsə narazı qalır. Ola bilməz ki, bütün tərəflər razı qalsın. Biz hüquqi dövlətdə yaşayırıq və hər şeyin hüquqla tənzimlənməsi üçün gərək çox şeylərlə razılaşaq. İsmayıllı hadisələrinin baş verməsinin səbəbi nə idi?
- Bu hadisələrin baş verməsinə səbəbkar olan məmur, onun günahkar olan yaxınları azadlıqda, bu hadisələrə aidiyyəti olmayan Tofiq Yaqublu, İlqar Məmmədov kimi müxalifətçilər, digər sadə insanlar isə həbsdə...
- Hər hansı problem olanda belə onu da qanun yolu ilə həll etmək lazımdır. Gəlin belə danışaq. Burda söhbət Füzuli Ələkbərov, yaxud Nizami Ələkbərovdan getmir. Söhbət ondan gedir ki, hər bir kəs öz cavabını alır. Qanuna zidd hərəkətə yol vermək olmaz. İğtişaşa kütləvi çağırışların, iğtişaşların törədilməsi yolverilməz haldır.
- Tofiq Yaqublu hadisələrdən xeyli müddət sonra İsmayıllıya gedib ki, nə baş verdiyini öyrənsin və on dəqiqə sonra geri qaytarılıb. Bu hadisələrdə onun nə iştirakı ola bilər? Hansı ki, o, 1 ildən çoxdur həbsdədir. Yaxud İlqar Məmmədov da eləcə.
- Siz bu insanların əməlində qanuna zidd bir şey görmürsünüz?
- Faktiki olaraq ortada heç nə yoxdur.
- O sizin subyektiv fikrinizdir. Subyektiv fikir əsl həqiqəti görməyə sizə mane olur. Əgər məhkəmə bu işdə onların günahkar olmadığını sübut etmiş olsaydı, görsəydi ki, doğrudan günahları yoxdur, onlar çoxdan azadlıqdaydılar. Deməli, bu fəaliyyətdə cinayət əməli var. O, sizin həmkarınız, yaxınınızdır, eyni əqidənin daşıyıcısıdır və sizə elə gəlir ki, ona qarşı hər hansı bir addım qərəzlidir. Niyə bir başqa məhbusun taleyi ilə bağlı bu cür mövqedən çıxış etmirsiniz?
- Məsələn, Yadigar Sadıqov guya kimisə döydüyünə görə 6 il həbs alıb...
- Belə çıxır ki, siz jurnalistlər qanuna tabe, çox əməli saleh insanlarsınız, heç vaxt qanunu pozmursunuz və s. Bəzən Azərbaycan jurnalistindən elə bir obraz yaradırlar ki, sanki bunlar göydən düşmüş əməli saleh insanlardır.
- Söhbət jurnalistlərdən getmir, konkret şəxsdən, siyasətçidən gedir.
- Həmin əməli bir həkim, müəllim, ya millət vəkili də törədə bilər və hər kəs cavabdehdir. Mənim peşəkar jurnalistlərimizə çox böyük hörmətim var. Ancaq hətta əlinə qələm alan reket jurnalist haqqında da belə rəy yaratmaq istəyirlər ki, bunu tutmaq olmaz, çünki jurnalistdir.
- Deyirsiniz yəni ölkədə insan hüquqları sahəsində problemlər yoxdur?
- Bu gün dünyanın elə bir məmləkətini göstərin ki, orada insan hüquqları sahəsində hansısa bir problem olmasın. ABŞ Dövlət Departamenti dünyanın 166 ölkəsi haqqında hesabat hazırlayır. Bu məsuliyyəti bunlara kim, necə verib, ayrı məsələdir. Ancaq fakt budur ki, 3 il öncəyə qədər bu dövlət özü haqqında bir hesabat belə vermirdi. Halbuki ABŞ-da insan hüquqlarının pozulması ilə bağlı çatışmazlıqlar bəlkə bütün ölkələrdən çoxdur. Bir ölkədə ki, Quantanamo kimi böyük həbsxana ola, nə qədər insanı ağır durumda orda saxlaya, bir ölkədə ki, hər gecə yüzlərlə qətl hadisəsi baş verə, ancaq özləri haqqında bir dənə də hesabat verməyə...
- Rəbiyyət xanım, bir ana kimi oğlunuz Elnur Aslanovla bağlı ittihamlar, onun nurçularla əlaqəsi barədə yazılanlara münasibətiniz necədir?
- Bu, artıq növbəti bir mərhələdir. Bundan əvvəl eyni məsələ olmuşu. Elnurla bu barədə söhbət edəndə o, çox gözəl və məni sevindirən bir söz dedi. Söylədi ki, ana, sən bu məsələlərə qarışma, sənin öz mövqeyin var, orda çalışırsan, mənim də öz mövqeyim. Biz evdə ana-balayıq, ancaq biz siyasətçilərik, mənim sənin köməyinə və məni müdafiə etməyinə heç bir ehtiyacım yoxdur, mən özüm-özümü müdafiə etmək iqtidarında olan birisiyəm. Bu, bir ana kimi məni çox sevindirdi. Başa düşdüm ki, ana olaraq həmin səddən o yana keçmək mümkün deyil və buna ehtiyac da yoxdur. Vətəninə, xalqına, dövlətinə sədaqətli bir övlad böyütdüyümə görə qürur hissi yaşadım. Bilirəm ki, ona qarşı yönələn təhdidlərə sinə gərə bilən güclü siyasətçidir. Ona görə də onun işinə qarışmıram.
- Hakim düşərgənin təmsilçisi olaraq nə düşünürsünüz, Azərbaycanda nurçuluq təhlükəsi varmı?
- Bu xalqı, bu dövləti yaşadan və bizi bugünkü uğurlara gətirib çıxaran bizim milli birliyimiz, vətəndaş həmrəyliyimiz, bir olmaq istəyimizdir. Uzun illər ulu öndərimizin bizə qoyub getdiyi bu prinsipə sədaqətimiz bu gün hamımıza güclü Azərbaycanı verib. Baxın, Azərbaycandakı prosesləri zərrəbinlə izləyən güclər, qüvvələr var. Harada bir kiçicik gərginliyin canlanmasını hiss edərlərsə, Azərbaycana qarşı elə ssenarilər başlaya bilər ki, günün birində özümüzü çox çətin durumda görmüş olarıq. Bu baxımdan müstəqilliyimizin ən böyük uğuru Azərbaycanda bu sabitliyin, iqtisadi yüksəlişin, tərəqqinin əsasında duran milli birlik, xalq-dövlət birliyidir. Sözsüz ki, bugünkü durum çoxlarını narahat edir və edəcək. Ətrafımızda baş verən proseslərə, qonşu dövlətlərin vəziyyətinə baxın. Televizora baxanda adam zənn edir sanki dünya dağılır. Təbii ki, ayrı-ayrı texnologiyalar işlənilir və Azərbaycana yönəldilir. Ayrı-ayrı təriqətlərin Azərbaycana müdaxiləsi və bu təriqətlərin içərisində məmurların, dövlətlərin olması barədə informasiyalar yayılır.
- Necə bilirsiniz bu informasiyalarda həqiqət varmı?
- Dindən xəbəri olmayan insanlar bəzən səsə, küyə gedirlər. Təriqətin ardıclı olan insan bu ideyanın maddi qüvvəyə çevrilməsi üçün mütləq onu fəaliyyətində gerçəkləşdirməlidir. Yəni təriqətə daxil olubsa, həmin təriqətin mürşüdü müridinə hansı vəzifələri yerinə yetirməsini tələb edir. Azərbaycan iqtidarında öz dövlətinə və dövlətçiliyinə sadiq insanlar hansı təriqətin üzvü ola bilərlər? Bu, o qədər ağlasığmaz və o qədər xoşagəlməz ittihamdır ki. Bir anlıq düşünürsən ki, doğrudanmı insanlar elə bilirlər buna inanacaqlar? Deyirlər haqq nazilər, üzülməz. Bəzən o təriqətin mahiyyətinin nədən ibarət olduğunu bilməyən insanlar Azərbaycanda kimlərəsə böhtan atırlar. Azərbaycana ayrı-ayrı təriqətlərin daxil olması və yayılması 1990-93-cü illərdə baş verib. Sovet ideologiyasının çökməsindən sonra boş qalmış mənəvi məkan boş qala bilməzdi. Müxtəlif yerlərdən Azərbaycana vəhhabilik, nurçuluq, katolik kilsəsinin, pravoslavlığın ayrı-ayrı cərəyanları və Qərbdə təqib olunan cərəyanlar Azərbaycana daxil oldular. Həmin dövrdə bunlar Azərbaycanda o qədər gücləndilər ki, «Dini etiqad azadlığı haqqında» Qanuna dəyişikliklər etmək məcburiyyətində qaldıq. Çünki burda məktəb açır, kurslar təşkil edir, biznes qurur, məscidlər tikirdilər, bunun qarşısını almaq lazım idi. O baxımdan bu gün dövlətçiliyə qarşı hər hansı təriqətin qarşının alınması bizim milli təhlükəsizlik məsələmizdir. Bu yolda hər kəsə qarşı mübariz olmalıyıq, adi bir gəncindən, dövlət məmuruna qədər. Ancaq bundan sui-istifadə etmək və kimlərisə vurmaq istəyi yolverilməzdir. Bu sənədləri oxuyanda 1937-ci ilin repressiya qurbanlarını xatırladım. O vaxt tanınmış ziyalılarımızı Sibirə göndərən ayrı-ayrı azərbaycanlıların imzaları var. O zaman böyük bir ziyalı elitası məhv edildi. Hüseyn Cavid, Mikayıl Müşfiq kimi ziyalılar özləri də məhv oldu, nəslindən də kimsə qalmadı. Amma onları sürgünə göndərənlərin nəslinə bir şey olmadı, cəzalarına çatmadılar. O imza sahiblərinin törəmələri bu gün də var və yəqin ki, öz babalarının genetik kodunu daşıyaraq həmin xəbisliyi yenə də davam etdirirlər. Bu gün də onlar Azərbaycan ziyalılarının yeni nəslini məhv etmək üçün hər şeyi edirlər...