Kənd təsərrüfatı sənayesində texnologiya sürətlə inkişaf edir. Tezliklə fermerlər tarlada 24 saat işləmək üçün sürücüsüz traktoru işə sala, eyni zamanda proqram vasitəsilə ona uzaqdan nəzarət edib, onu idarə edə bilər. “Bear Flag Robotics”dən İcino Kafyero: “Bu ölkə qurulanda amerikalıların təqribən 50 faizi fermer idi, indi isə 1 faizdən azdır. Beləliklə, daha məhsuldar olmaları üçün fermerlərə alətlər verilməlidir.”
Con Diir şirkətinin yeni avtonom traktoru tarlaları şumlamaq və əkmək üçün kompüter görmə, süni intellekt və GPS-dən istifadə etməklə, dayanmadan işləyir. Lakin fermerlər işi görmək üçün özü idarə olunan traktorlara etibar etməyə hazırdırlarmı? Fermer Daq Nimz: “Yanacaq səviyyəsini yoxlaya bilərəm, tarlanın nə qədər hissəsinin qaldığını görmək üçün proqramı yoxlaya bilərəm, tarlada əmin olmadığı bir şey varsa, traktor dayanıb məni xəbərdar edəcək”.
Kamera fermerə istənilən vaxt sahəni canlı görməyə imkan verir. Toxumlar dəqiqliklə əkilir. Şirkətin dediyinə görə, traktorun “bax və çilə” texnologiyası herbisidləri lazım olan yerə səpir və pula qənaət edir. Bu həm də ətraf mühitə fayda verir. Lakin bəzi fermerlərin fikrincə, potensial olaraq ən böyük üstünlük vaxta qənaət olacaq.
Sara Roker Montanada ştatında kiçik fermasında şəkər çuğunduru, buğda və soya yetişdirən dördüncü nəsil fermerdir. “Hazırda GPS-lə idarə olunan traktorumla tam avtonom traktorum arasında olan fərq çox zaman qazanmaqdır. Texnologiyanın bütün bu təkmilləşdirmələri sayəsində daha çox torpaq əkə və daha səmərəli ola bilərəm”.
Daq Nimz: “Fermerlər ənənəyə sadiq qalır, lakin mən hiss edirəm ki, onlar bunu sınadıqdan keçirdikdən sonra qəbul edəcəklər.”
Con Diir şirkətinin avtonom traktorları fermerlərin istifadəsinə bu ilin sonunda veriləcək.