Britaniya, Fransa və Kanada rəsmiləri Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Vaşinqtonda keçirilən yaz görüşü zamanı G20 qrupunun virtual iclasını tərk ediblər.
Yellen iştirakçılara bildirib ki, o bu görüşdə Rusiyanın vəzifəli rəsmilərinin iştirakına qarşıdır.
ABŞ-ın maliyyə naziri xəbərdarlıq etmişdi ki, bu iclaslarda Rusiya rəsmilərinin iştirak edəcəkləri təqdirdə, o və onun qlobal həmkarları tədbiri tərk edəcəklər.
AFP agentliyi bildirir ki, Ukraynanın maliyyə naziri Sergey Marçenko da onlara qoşularaq iclası tərk edib.
Britaniyanın maliyyə naziri Rişi Sunak deyib ki, o, Yellen və Kanada baş nazirinin müavini Kristiya Friland iclası Rusiya nümayəndəsinin çıxışı başlayan kimi tərk ediblər.
Sunak bu barədə özünün “Twitter” hesabından yazıb: “Biz Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləməkdə həmrəyik və beynəlxalq koordinasiya ilə Rusiyanın cəzalandırılmasını davam etdirəcəyik”.
Friland da bu barədə tvit paylaşıb: “Dünya demokratiyaları Rusiyanın təcavüzünə və müharibə cinayətlərinə sakitcə baxmayacaqlar. Bugün Kanada və onun demokratik partnyorları Rusiyanın iştirakına görə “G-20” qrupunun plenar iclasını tərk ediblər”.
Bu, Vladimir Putinin Ukraynaya təcavüzə əmr verməsindən bəri G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin ilk iclası idi.
Bu il İndoneziyanın sədrlik etdiyi G20 qrupuna Birləşmiş Ştatlar, Hindistan, Çin, Braziliya, Yaponiya, bir neçə Avropa ölkəsi, habelə Rusiya daxildir.