Vaxt.Az

“Şanxay ram edilməlidir”


 

Pekin iki təhlükədən narahatdır

“Şanxay ram edilməlidir” Çində payızda Kommunist Partiyasının növbəti qurultayı keçiriləcək. Bu qurultaya qədər partiya bosları ölkədə qeyri-sabitlik yarada biləcək bütün amilləri ortadan qaldırmağa çalışırlar. Pekin iki təhlükədən narahatdır. Birincisi, ABŞ-ın Çinə qarşı apardığı siyasətdir, ikincisi ölkədə virusun yenidən yayılması təhlükəsidir. Pekin hesab edir ki, Vaşinqtondakı beyin mərkəzləri virusun yayılmasından Çinə qarşı istifadə edə bilərlər.

Çin Kommunist Partiyasının siyasət və hüquq komissiyası Milli Təhlükəsizlik Nazirliyinə, hərbi polisə, o cümlədən məhkəmələrə və prokurorluq orqanlarına  nəzarət edir. Göründüyü kimi, partiyanın sadəcə bir komissiyası ölkədə bütün güc strukturlarına nəzarət etməklə böyük səlahiyyətlərə malikdir. Qurultayın lazımi qaydada keçirilməsi də bu komissiyanın səlahiyyət dairəsindədir. Partiyanın və ölkənin rəhbəri Tsi Sinpinin növbəti qurultayda üçüncü dəfə baş katib seçiləcəyi ehtimalı yüksəkdir. Halbuki, son illərə qədər partiya qurultaylarında baş katibin iki dəfədən çox seçilməsinə yaşıl işıq yandırılmırdı. Tsi Sinpin bu ənəni pozmağa hazırlaşır.    

Buna baxmayaraq, Çinin ən böyük şəhərlərindən biri olan Şanxayda virusun yayılması tempi və insanların etirazı partiyaya müəyyən çətinliklər yaradıb. Şanxay Çinin əsas maliyyə, logistik və turizm şəhəridir. Bu şəhərdə qeyri-sabitliyin davamı Çinin digər bölgələrinə yayılması təhlükəsini artırır. Buna görə də Kommunist Partiyası və nəzarətindəki strukturlar Şanxayda istənilən narazılığın qarşısını almaqda qətidirlər. 25 milyonluq Şanxay sakinləri evlərində qapanmalarına etiraza başladılar. Polis küçədə səsini ucaltmağa çalışanları dərhal həbs etməklə məşğuldur. Məlumdur ki, Pekinin koronavirusa qarşı mübarizə metodu kəskinliyi ilə seçilir, 1 nəfərdə belə virus aşkarlansa şəhər qapanma rejiminə keçir. Bu virusa qarşı mübarizədə “sıfır tolerantlıq” adlandırılır. Vuris Çində yeni yayılanda “sıfır tolrenatlıq” işə yaradı. Bu dəfə isə Çin hakimiyyəti Şanxayda bunun əks-effektini gördü, evlərinə qapanan insanlar ərzaq və lazımi dərmanlar əldə etməkdə çətinlik çəkdilər və etiraz etməyə başladılar. 

Pekin Şanxayı ram etməklə yanaşı ABŞ-la da mübarizə aparmaq məcburiyyətindərir. Pekində hesab edirlər ki, Vaşinqton Şərqdə “yeni NATO” yaradır və məqsəd Çinə qarşı təzyiqi artırmaqdır. Çin Kommunist Partiyasının qurultayında “xarici və daxili düşmələrlə” bağlı müzakirələrin aparılacağı istisna deyil.

 





21.04.2022    çap et  çap et