Vaxt.Az

“Dinc missiyaya getmişdilər”


 

Heyət tamamilə evakuasiya olunub bəyanatında sonradan dəyişiklik olunub

“Dinc missiyaya getmişdilər” Rusiyanın Qara Dəniz donanmasının flaqman gəmisi “Moskva”nın batmasından bir həftə keçir, amma gəmidəki 500-dən çox heyətin taleyi qaranlıq qalır. Rusiya komandanlığının susqunluğu, Kremlin gəminin Ukrayna raketlərinin vurub-vurmaması haqda izahat verməməsi valideynlərin qəzəbini, inamsızlığını artırır.

Tamara Qrudinina gəminin batması xəbərini alandan dərhal sonra Rusiyanın Qara Dəniz Donanmasının qərargahına mesaj göndərib, 21 yaşlı oğlu Sergeydən xəbər tutmaq istəyib.

“Oğlunuz itkin düşüb. Üzügünük”, – qadın belə bir cavab aldığını deyir.

Bir neçə gün sonra isə özünü gəminin komandir müavini kimi təqdim edən Pavel Vakula adlı şəxs onunla əlaqə saxlayıb. Vakulanın sözlərinə görə, gəmidə yanğın başlayam kimi Sergey də digər matroslar kimi evakuasiya edilənlər sırasında olub, amma sonra o birilərdən ayrı düşüb.

“Daha sonra Müdafiə Nazirliyindən bizə zəng edib dedilər ki, “hər şey qaydasındadır, oğlunuz salamatdır, yaxşıdır”, – qadın “Current Time”a danışıb.

Qrudinina hadisədən altı-yeddi gün keçməsinə baxmayaraq, oğlundan səs çıxmadığını, hər gün qaynar xəttə zəng etdiyini söyləyir.

O, “Moskva”da nə baş verdiyini dəqiq bilməyən valideynlərdən yalnız biridir.

2000-ci ildə Kursk sualtı ballistik gəmisindən sonra “Moskva”nın batması Rusiya donanması üçün ən ağır faciə sayılır. Kurskda 118 matros həlak olmuşdu. “Moskva” heyətinin başına nə gəldiyi isə bəlli deyil, 500-dən çox heyətdən neçəsinin həlak olduğu açıqlanmayıb.

***

Ukrayna gəmini sahildən iki Neptun raketilə vurduğunu deyir. Rusiya isə gəminin yanğından sonra limana aparılarkən dalğalı dənizdə qərq olduğunu bildirir.

Rusiya qanunvericiliyi çağırışçıların aktiv döyüş zonalarına göndərilməsini qadağan edir. Amma onların Ukraynaya quru, yaxud dəniz yoluyla, özlərinin bilgisi, yaxud razılığı olmadan göndərilməsi haqda məlumatlar var.

Qrudinina danışır ki, aprelin 10-dan əvvəl çağırışçı oğlundan kontrakt imzalaması, yəni döyüş zonasına göndərilməyə razılıq verməsi istənilib:

“Onunla sonuncu dəfə aprelin 10-da danışanda dedim ki, nəbadə kontrakt imzalamasın. O heç bir kontrakt imzalamayıb, 100 faiz. Amma müharibə barədə də heç nə demirdi. Elə deyirdi ki, ‘hər şey yaxşıdır. Ana, evə dönəcəyəm’”.

 





21.04.2022    çap et  çap et