Britaniya ordusunun aprelin 21-də yaydığı məlumata görə, Rusiya qüvvələri Donbasda Kramatorsk şəhərinə doğru irəliləyirlər, şəhər raket atəşinə tutulmaqdadır.
Müdafiə Nazirliyi Rusiyanın hava əməliyyatlarını yüksək səviyyədə saxladığını, Ukraynanın şərqindəki hücuma havadan dəstək verdiyini, Ukraynanın havadan müdafiə gücünü məhv etməyə çalışdığını bildirir.
Kiyevi və böyük strateji şəhərləri tuta bilməyən Rusiya indi hədəfinin Donetsk və Luqansk vilayətlərini bütünlükdə zəbt etmək olduğunu deyir. Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, Donbasdakı separatçıları dəstəkləməyə başlayıb.
Ukraynanın Rusiya ilə danışıqlarda əsas təmsilçisi, prezidentin müşaviri Mixaylo Podolyak isə ölkəsinin heç bir şərtsiz danışıqlara hazır olduğunu deyib.
Ukraynanın digər əsas təmsilçisi David Araxamiya Telegram-da yazıb ki, Poldolyakla birlikdə “hərbi qarnizonumuz və dinc sakinlərin çıxarılmasından ötrü Mariupola Rusiya ilə danışıqlara getməyə hazırıq”.
Araxamiya özünün və Podolyakın Mariupoldakı Ukrayna qüvvələri ilə daimi kontaktda olduğunu bildirib.
“Şəhərin müdafiəçiləri ilə bugünkü söhbətdə hərbi qarnizomuzun çıxarılması üçün yerində birbaşa danışıqlar aparmaq təklif olundu”, – o yazıb.
***
Rusiyanın Çeçenistan respublikasının başçısı, Prezident Vladimir Putinin yaxın müttəfiqi Ramzan Kadırov isə iddia edib ki, Rusiya qüvvələri aprelin 21-də Mariupoldakı sonuncu müqavimət istehkamını ələ keçirəcəklər.
“Günorta yeməyindən öncə, yaxud sonra Azovstal Rusiya Federasiyası qüvvələrinin tam nəzarətinə keçəcək”, – qüvvələri Ukraynada vuruşan Kadırov deyib.
Azovstal polad zavodu ukraynalı döyüşçülərin və dinc sakinlərin istehkamına çevrilib.
Rusiya daha öncə münaqişəni bitirmək üçün Ukraynaya öz tələblərinin əks olunduğu sənəd layihəsi təqdim etdiyini bildirib.
Kremlin sözçüsü Dmitri Peskov deyib ki, “indi top onların həyətindədir, cavab gözləyirik”. O, layihənin detallarını açıqlamayıb.
Ukrayna Prezidenti Vladimir Zelenski təklifi görmədiyini, onun barəsində eşitmədiyini söyləyib. Amma müşavirlərindən biri Ukraynanın sənədi nəzərdən keçirdiyini deyib.
***
Aprelin 20-də Mariupoldan 90 avtobusla 6 minədək sakinin çıxarılması planlaşdırılırdı. Şəhərdə 100 min dinc sakinin qaldığı bildirilir. Amma vilayət qubernatoru Pavlo Kirilenko deyib ki, Mariupola planlaşdırıldığından daha az avtobus gedib çıxıb, daha az adam evakuasiya olunub.
Baş nazirin müavini İrina Vereşçuk aprelin 20-də Mariupoldan dörd avtobusun çıxdığını, qadın, uşaq və yaşlıların evakuasiyasının bu gün də davam edəcəyini bildirib.
Vereşçuk daha öncə Rusiya qüvvələrini “nizamsızlıq və səhlənkarlıq”da ittiham edib. Rusiya bu ittihamlara cavab verməsə də, daha öncə Mariupoldan humanitar dəhlizlərin alınmamasına görə Ukraynanı suçlayıb.
Fevralın 24-də Ukraynanı işğal etməyə başlayan Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib.